SİYASƏT
Özbəkistanin “tnews.uz” portalı Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfərindən yazıb
Daşkənd, 26 oktyabr, AZƏRTAC
Özbəkistanin “tnews.uz” portalında Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri ilə bağlı “Azərbaycan Prezidenti: Qarabağ münaqişəsi ona görə həll olunmur ki, Ermənistan sülh istəmir” sərlövhəli məqalə yayılıb.
Rus dilində hazırlanmış məqalədə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev bəyanatda bildirib ki, bizim torpaqlarımız uzun illərdir işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi - təkcə Dağlıq Qarabağ deyil, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı 7 rayon işğal olunub.
Prezident İlham Əliyev bəyanatında deyib: “Bu işğal nəticəsində bizim bir milyondan artıq qaçqın və köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır. Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi digər təşkilatlar da oxşar sənədlər qəbul edib. Lakin təəssüf ki, münaqişə həll olunmur, çünki Ermənistan sülh istəmir”.
Azərbaycan Prezidenti qeyd edib ki, status-kvo qəbuledilməzdir və dünya ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etmək üçün ciddi tədbirlər görməlidir.
Materialda Ermənistan-Azərbaycan, Qağlıq Qarabağ münaqişəsinin tarixi, torpaqlarımızın 20 faizinin işğalı, aprelin 2-də Ermənistanın təxribatları ucbatından münaqişənin gərginləşməsi, Azərbaycan Ordusunun qələbəsi haqqında da məlumat verilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd