MƏDƏNİYYƏT
Özbəkistanın “uchildiz.uz” portalı “Qaynana” filmi haqqında məqalə yayıb VİDEO
Daşkənd, 14 yanvar, AZƏRTAC
Özbəkistanın “uchildiz.uz” portalı “Dünya kino xəzinəsindən: “Qaynana” adlı məqalə yayıb.
Məqalədə Özbəkistanda da məşhur olan “Qaynana” filmi, bu ekran əsərinin baş rol ifaçısı xalq artisti Nəsibə Zeynalovanın həyat və yaradıcılığı haqqında söhbət açılır.
Filmin hələ keçmiş SSRİ dövründə özbək dilinə dublyaj edildiyini, elə o vaxtdan da Özbəkistanda ən çox baxılan klassik filmlərdən biri olduğunu qeyd edən müəllif onun Özbəkistan telekanallarında tez-tez nümayiş etdirildiyini vurğulayır.
Məqalədə bildirilir ki, Nəsibə Zeynalova 20-dən artıq filmdə, 70-dən çox teatr tamaşasında maraqlı obrazlar yaradıb. Onun yaratdığı Cənnət xala, Suğra, Fatmanisə və digər rollar bu gün də Azərbaycanda və digər ölkələrdə sevilir.
Sonda qeyd edilir ki, Özbəkistanın tanınmış müğənnisi Şahzoda “Qaynana” filmindən fraqmentlərdən istifadə edərək yeni klip çəkdirib və bu klip tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd