MƏDƏNİYYƏT
Özbəkistanın uchildiz.uz portalında Azərbaycan haqqında məqalə yayılıb
Daşkənd, 17 dekabr, AZƏRTAC
Özbəkistanın uchildiz.uz portalında Azərbaycan haqqında məqalə yayılıb.
Məqalənin müəllifi jurnalist Tulkin Eşbek ulu öndər Heydər Əliyevin Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması istiqamətindəki xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə aparılan islahatlar haqqında məlumat verir. Yazıda, həmçinin Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı haqqında söhbət açılır. Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri Nizami Gəncəvi, Bəhmənyar, Xətib Təbrizi, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai və digər ədiblərimiz barədə məlumat verilir. Qeyd edilir ki, tanınmış özbək şairi Əlişir Nəvai Nizami Gəncəvidən sonra “Xəmsə” yazıb və dahi Azərbaycan şairini öz ustadı hesab edib.
Yazı Özbəkistan kütləvi informasiya vasitələrində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinə təqdim olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd