MƏDƏNİYYƏT
Özbəkistanın uchildiz.uz portalında “Xari Bülbül” Beynəlxalq Musiqi Festivalı barədə məqalə verilib
Daşkənd, 27 aprel, AZƏRTAC
Daşkənddəki uchildiz.uz portalında işğal altında olan Şuşa şəhəri və vaxtilə bu qədim şəhərdə keçirilən “Xari Bülbül” Beynəlxalq Musiqi Festivalı (BMF) barədə rus dilində məqalə çap olunub.
Azərbaycanın Özbəkistandakı səfirliyinin birinci katibi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun məqaləsində Azərbaycanın musiqi və mədəniyyət beşiyi olan Şuşa şəhərinin tarixindən, erməni silahlı birləşmələri tərəfindən işğalından söz açılır.
Məqalədə artıq tarixə qovuşmuş “Xarı bülbül” BMF haqqında da məlumat verilib, festivalın Qarabağda - Şuşada yetişən “Xarı Bülbül” çiçəyinin adı ilə bağlı olduğu bildirilib.
Materialda deyilir ki, Şuşa şəhəri 1992-ci il may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Şuşa da daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizi zəbt olunub, bir milyon azərbaycanlı öz dədə-baba torpaqlarından qovulub. Şuşada və ümumən Dağlıq Qarabağdakı Azərbaycan abidələri tamamilə dağıdılıb.
Məqalədə təəssüf hissi ilə qeyd olunur ki, artıq 23 ildir davam edən işğal nəticəsində Şuşada “Xarı Bülbül” BMF keçirilmir.
Müəllif dünya mədəniyyətinə və incəsənətinə böyük töhfələr vermiş dahi bəstəkar Üzeyir Hacıbəylinin, şairə Natəvanın, müğənni Bülbülün güllələnmiş heykəllərinin Şuşaya qaytarılacağına ümid etdiyini bildirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd