SİYASƏT
Özbəkistanın xəbər portalları əməkdar jurnalist Elmira Axundovanın Daşkənd təəssüratları ilə bağlı məqaləsini yayıb
Daşkənd, 23 may, AZƏRTAC
Özbəkistanın sharh.uz, uchildiz.uz, 12news.uz və 1news.uz xəbər portalları Milli Məclisin deputatı, yazıçı-publisist, əməkdar jurnalist Elmira Axundovanın Bakıda çıxan “Kaspi” qəzetində rus dilində dərc edilən “Üç gün günəşli şəhərdə” sərlövhəli məqaləsini yayıb.
E.Axundovanın Daşkənd təəssüratlarından bəhs edən yazıda bildirilir ki, Azərbaycan nümayəndə heyəti ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyevin dəvəti ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı mərasimdə iştirak etmək üçün bu şəhərdə səfərdə olub. Məqalədə həmin mərasim haqqında ətraflı məlumat verilir.
Məqalədə səfirliyimiz və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə keçirilən digər tədbirlər haqqında da məlumat verilir.
E.Axundova yazını bu sözlərlə bitirir: “Daşkənddə Özbəkistan Prezidenti İslam Kərimovun ulu öndər Heydər Əliyevi böyük hörmət və ehtiramla qarşıladığını yaxşı xatırlayıram. Bu iki görkəmli siyasətçi arasında heç bir fikir ayrılığı olmayıb.
Bu gün İslam Kərimovla Azərbaycan Prezidenti İlham Əliyev arasında da qarşılıqlı hörmətə əsaslanan səmimi münasibətlər mövcuddur. Dövlətlərimiz arasında əlaqələr çox yaxşıdır, bizi dərin tarixi köklər, milli adət-ənənələrimiz, dil, din və mədəniyyətlərimizin eyniliyi birləşdirir. Bu yaxınlığı biz Daşkənddə hər addımda hiss edirdik”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd