CƏMİYYƏT
Özbəkistanlı uşaqlar Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumatlandırılıb
Daşkənd, 28 dekabr, АZƏRTAC
Daşkənddəki 89 saylı uşaq bağçasının təmirdən sonra açılışı və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Tədbirdə çıxış edən səfir uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında məlumat verib. Diplomat ölkəmiz, azərbaycanlı uşaqların həyatı, dövlətimizin uşaqlara qayğısı haqqında danışıb. O, uşaqları təbrik etməyə əliboş gəlmədiyini, onlara bayram sovqatı gətirdiyini söyləyib.
Çıxış edənlər Azərbaycanın Özbəkistandakı səfirliyinin müntəzəm olaraq uşaq evlərinə və uşaq bağçalarına bayram sovqatı göndərdiklərini bildirib, buna görə səfirliyə minnətdarlıq ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd