İQTİSADİYYAT


Özəlləşdirmə Portalından istifadə edənlərin sayı 132 mini ötüb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə istifadəyə verilən Özəlləşdirmə Portalından (privatization.az) istifadə edənlərin sayı artıq 132 mini ötüb. Təkcə oktyabr ayında 12 mindən çox istifadəçi sayı qeydə alınıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, bu statistika portala və özəlləşdirmə ilə bağlı keçirilən hərraclara olan marağın əyani göstəricisidir. Dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni çağırışları və hazırkı iqtisadi reallıqları nəzərə alaraq müasir yanaşmaların tətbiqi önə çəkilib. Müvafiq özəlləşdirmə prosedurlarının elektron üsullarla gerçəkləşdirilməsi, hərracların elektron müstəviyə keçirilməsi və özəlləşmə barədə onlayn məsləhət xidmətinin təşkili gündəmə gəlib. Komitənin rəsmi internet səhifəsi, 31 elektron xidməti özündə cəmləyən portalından savayı, özəlləşdirmənin bugünkü aktuallığı nəzərə alınaraq bu ilin avqust ayında da yalnız dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni portal yaradılıb.

Özəlləşmə portalına gün ərzində orta hesabla 2 min istifadəçi daxil olur. Statistikaya əsasən, portaldan avqustda istifadə edənlərin sayı 55 min, sentyabrda isə 65 minə yaxın olub.

Azərbaycan istifadəçiləri ilə yanaşı, ABŞ, Kanada, Rusiya, Fransa, Türkiyə, Çexiyadan da portalı izləyənlərin sayı az deyil. Bu da onun göstəricisidir ki, Azərbaycanda özəlləşdirmə prosesi xarici investorlar üçün də maraqlıdır. Əcnəbi ölkələrdən daxil olan istifadəçilər portal vasitəsilə Azərbaycan barədə ümumi məlumat ala, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar qanunvericilik bazası, zəruri hüquqi prosedurlar, ölkəmizdə sərmayə yatırımları üçün yaradılmış şərait, investisiya müsabiqələri və keçirilən hərraclar ilə tanış ola bilirlər.

Portal iki dildə (Azərbaycan və ingilis dillərində) təqdim edilir və burada olan məlumatların sosial şəbəkələrdə paylaşılması imkanları da mövcuddur. Portal yerli və xarici investorlar üçün rahat, funksional və etibarlı mənbədir və məlumatları bütün maraqlı tərəflər üçün əlçatan edir.

Qeyd edək ki, açıq hərraclar vasitəsilə özəlləşməyə çıxarılan hər bir səhmdar cəmiyyəti kiçik dövlət obyekti və nəqliyyat vasitəsi barədə məlumatlar, eləcə də hərrac elanları da məhz bu portalda əks olunur. Belə ki, müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini və mövqeyini əks etdirən fotolar və mətn məlumatları portalda əksini tapıb. Hərrac elanında satışa çıxarılmış əmlakı görən vətəndaş portala daxil olaraq həmin əmlak barədə zəruri informasiyanı rahat və ətraflı şəkildə əldə edə bilir. Hərracda iştirak etmək istəyən vətəndaş əvvəlcə almaq istədiyi əmlakı seçdikdən sonra elektron qaydada sifariş verir və satış qiymətinin 10 faiz məbləğində behi ödəyərək hərracda iştirak hüququ qazanır. İstənilən vətəndaş bir hərracda iştirak edib bir və ya bir neçə əmlakın sahibi ola bilər. Hərracda iştirak məhdudiyyətsizdir, həmçinin media və ictimaiyyət nümayəndələrinin açıq hərraclara gəlib prosesi əyani izləmələri mümkündür.

Xatırladaq ki, növbəti belə hərrac oktyabrın 11-də keçiriləcək. Budəfəki hərracda 85 dövlət müəssisə və obyektinin satışı baş tutacaq. Hərraca çıxarılan dövlət əmlaklarının 30-u səhmdar cəmiyyət, 30-u kiçik dövlət müəssisə və obyekti, 25-i isə nəqliyyat vasitəsidir.

Yaxın gələcəkdə özəlləşmə ilə bağlı keçiriləcək bütün növ hərracların tamamilə elektron formada tətbiqi üçün də portal çox faydalıdır. Belə ki, “onlayn hərraclar”ın reallaşması məhz həmin portal üzərindən mümkün olacaq. Bu da öz növbəsində sahibkarlarla məmurlar arasında ünsiyyəti aradan qaldırmaqla bu prosesdə şəffaflığı daha da artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.