İQTİSADİYYAT


Özəlləşdirmə portalının istifadəçilərinin sayı 390 mini ötüb

Bakı, 18 yanvar, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçən ilin avqustunda istifadəyə verilən özəlləşdirmə portalından (privatization.az) istifadə edənlərin sayı artıq 390 mini ötüb. Son 1 ay ərzində isə bu rəqəm 70 minə yaxın olub ki, bu da digər aylarla müqayisədə yüksək göstərici olaraq qeydə alınıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, statistikaya əsasən məlum olur ki, istifadəçilər tərəfindən ən çox oxunan və ziyarətçi sayı yüksək olan bölmə məhz hərraclar bölməsidir. Azərbaycan istifadəçiləri ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Fransadan da portalı izləyənlərin sayı kifayət qədərdir. Bu da onu göstərir ki, özəlləşdirmə prosesi xarici investorlar üçün də maraqlıdır.

Açıq hərraclar vasitəsilə özəlləşdirməyə çıxarılan hər bir səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi və nəqliyyat vasitəsi barədə məlumatlar, eləcə də hərrac elanları məhz bu portalda əks olunur.

Portal ziyarətçilərin istifadəsi baxımından çox rahat dizayna malikdir. Ziyarətçilər portaldan istifadə edərkən Azərbaycan, ölkədə biznes mühiti, özəlləşdirmənin qanunvericilik bazası, özəlləşdirməyə açıq elan edilmiş müəssisələr barədə çevik məlumat ala bilir.

İnvestorlar üçün faydalı informasiyalar, statistik göstəricilər, özəlləşdirmə sahəsində baş verən son xəbərlər və bu prosesə dair rəylər ayrı-ayrılıqda mövcud linklər vasitəsilə çatdırılır.

Özəlləşdirmə portalı (privatization.az) sayəsində hərraclarda iştirak maksimum rahat və operativdir. Belə ki, istənilən fiziki və hüquqi şəxs vaxt itkisi olmadan, portal üzərindən əmlak haqqında məlumatları oxuyub, fotolara baxdıqdan sonra sifariş verməklə hərraclara qatıla bilər.

Hərraca çıxarılan əmlaklar haqqında məlumat “Hərraclar” bölməsində yerləşdirilir. Hərraclar keçirildikdən sonra isə hərracın nəticələri “Nəticələr” bölməsinə əlavə edilir. Hərraca çıxarılan əmlaklar, hərracın nəticələri, keçiriləcək hərraclar haqqında ən son məlumatlar və xəbərlər isə portalın “Son xəbərlər” bölməsində ziyarətçilərin istifadəsinə verilir. Hərracların videoyazıları portalın “şəkillər və videoçarxlar” bölməsində əks olunur. Keçirilmiş hərracların görüntülərinə həmin bölmədə baxmaq olar.

Portalda, həmçinin özəlləşmə prosesində iştirak edən və potensial investorlar üçün yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılması məqsədilə “onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, hərraca çıxarılan əmlaklar, hərracların nəticələri və s. barədə suallar cavablandırılır. İstifadəçilər həftəiçi 5 gün saat 9:00-dan 18:00-a qədər nahar fasiləsi və bayram günləri istisna olmaqla, portal vasitəsilə onlayn məsləhət ala bilər. Qeyri iş günlərində ünvanlanan suallar isə növbəti iş günündə cavablandırılır.

Xatırladaq ki, hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.