İQTİSADİYYAT


Özəlləşmə hərraclarını canlı izləmək mümkün olacaq

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən həyata keçirilən özəlləşdirmə prosesi zamanı dövlət əmlaklarının satışı üzrə hərraclar tamamilə şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçiriləcək. O cümlədən hərracların gedişini mətbuat və ictimaiyyət nümayəndələri canlı izləyə biləcəklər.

Prezident İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 19 iyul tarixli Fərmanına və bu sahədəki digər tapşırıqlarına uyğun olaraq yeni özəlləşdirmə prosesi başlanıb.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, artıq komitə tərəfindən ilkin mərhələdə 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 50-si iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30 faizlik səhm paketləri, 62-si qeyri yaşayış sahələri və kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir.

Bu hərraclar cari il sentyabrın 14 və 20-də ƏMDK-nın İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) binasında (Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A. ) təşkil ediləcək.

Mərkəzdə hərracların şəffaf və rəqabətli şəraitdə keçirilməsi üçün bütün şəraitin yaradılması nəzərdə tutulur. Burada investorların iştirakı və məlumatlandırılması üçün çoxsaylı imkanlar yaradılıb.

Əsas yeniliklərdən biri potensial investorların, mətbuatın və ictimaiyyət nümayəndələrinin də bu hərracları canlı izləmək imkanının yaradılmasıdır. Belə ki, artıq KİV nümayəndələri və istənilən vətəndaş mərkəzə gələrək hərracların gedişini və dövlət əmlakının satışının necə həyata keçirildiyini izləyə bilər. Bunun üçün mərkəzdə bütün şərait yaradılacaq.

Nəticədə özəlləşdirmə prosesinə maraq göstərən potensial investorlar və onların nümayəndələri prosesin necə aparıldığı ilə əyani şəkildə tanış olacaq, eləcə də ictimaiyyət və mətbuat nümayəndələrinə bu proses barədə təfərrüatlı məlumata malik olmağa şərait yaradılacaq.

Hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır. Həmçinin investorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat ala bilirlər. Bildirilib ki, komitə geniş əhali təbəqəsini və bütün maraqlı tərəfləri yeni özəlləşdirmə prosesində fəal iştirak etməyə dəvət edir. Həmçinin iddiaçılara əmlaka yerindəcə baxış üçün də şərait yaradılması təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.