CƏMİYYƏT


Özünüməşğulluq proqramında iştirak edən 244 nəfərin biznes-planı uğurlu hesab edilib

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası istiqamətində işlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı üzrə təşkil etdiyi təlim kurslarına indiyədək respublikanın 68 şəhər və rayonu üzrə 1295 nəfər işaxtaran və işsiz vətəndaş cəlb edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, onlardan artıq 469-u bu kursları başa vurub. Bununla əlaqədar nazirlik tərəfindən kursları başa çatdırmış vətəndaşların öz biznes-planlarını müdafiə etmələri məqsədilə qiymətləndirmə prosesinə başlanılıb. Biznes-planların qiymətləndirilməsində biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsas götürülüb.

Noyabrın 2-3-də və 10-11-də keçirilən ilk qiymətləndirmələrdə kursları bitirmiş 469 şəxsdən 16 rayon (Beyləqan, Ağcabədi, Salyan, Hacıqabul, Bərdə, Tərtər, Xocavənd, Laçın, Ağdam, Şirvan, Neftçala, Yevlax, Füzuli, Cəbrayıl, Biləsuvar, Sabirabad) üzrə 304-ü öz biznes-planları ilə iştirak edib. Qiymətləndirmə nəticəsində həmin şəxslərdən 244 iştirakçının özünüməşğulluq fəaliyyətinə dair hazırladıqları biznes-planlar uğurlu hesab edilib. Müsbət qiymətləndirilmiş həmin biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal və 0,4 faizi ticarət sahəsini əhatə edir. Növbəti mərhələdə uğurlu biznes-planlar əsasında işaxtaran və işsiz vətəndaşların ailə bizneslərinin qurulması məqsədilə onların mal və materiallarla təmin edilməsi tədbirləri görüləcək.

Növbəti qiymətləndirmənin isə noyabrın 24-25-də keçirilməsi planlaşdırılıb. Ümumiyyətlə, kursları bitirən digər vətəndaşların da hazırladıqları biznes-planların müdafiəsi ilə bağlı müvafiq qrafik üzrə qarşıdakı dövrdə də qiymətləndirmələrin keçirilməsi təmin olunacaq.

Özünüməşğulluq proqramı işaxtaran və işsiz vətəndaşların əmək potensiallarına uyğun ailə biznesləri qurmalarının dəstəklənməsinə yönəlib. Proqramda respublikanın şəhər və rayonları üzrə ümumilikdə 1500 işaxtaran və işsiz vətəndaşın iştirakı təmin ediləcək. Hər bir şəhər və rayon üzrə iştirakçıların sayı onlardakı ev təsərrüfatlarının xüsusi çəkisi nəzərə alınmaqla müəyyən edilib.

Qiymətləndirmələrin nəticələrinə dair məlumatlar (biznes-planları uğurlu hesab edilmiş şəxslərin siyahıları, bu biznes-planların məzmunu, aid olduğu iqtisadi fəaliyyət sahəsi və s.) nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) ayrıca bölmədə təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.