SİYASƏT
PARİSDƏ QAFQAZA HƏSR OLUNMUŞ GÖRÜŞ – DİSPUT KEÇİRİLMİŞDİR
“Etüd” jurnalı Parisdə “Qafqaz, dünya sistemində yeni amil” mövzusunda görüş – disput keçirmişdir. Əvvəlcə “SEMOTİ” jurnalının baş redaktoru Samih Vaner çıxış edərək, SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş beş türkdilli respublika ilə Türkiyə arasında iqtisadi əlaqələrin yaradıldığını, Türkiyənin Azərbaycana xüsusi diqqət göstərdiyini, iki ölkə arasında möhkəm iqtisadi əlaqələr qurulduğunu, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini və bir milyon insanın torpaqlarından didərgin salındığını bildirmişdir.
Fransanın tanınmış şərhçisi, məşhur politoloq, “Mond diplomatik” nəşrinin direktoru Aleksandr Adler çıxışını bütünlüklə Qafqaza və onun ətrafında baş verən hadisələrə həsr etmişdir. O, keçmiş SSRİ məkanında Azərbaycanın iqtisadiyyatının böyük sürətlə inkişaf etdiyini, Bakının qüdrətli sənaye şəhərinə çevrildiyini xatırlatmış, həmin dövrdə respublikaya rəhbərlik edən Heydər Əliyevin xüsusi xidmətlərini yüksək qiymətləndirmişdir. Müstəqillik qazanmış Azərbaycanın ilk illərdə müəyyən çətinliklərlə qarşılaşdığını söyləyən A.Adler yenidən siyasi hakimiyyətə qayıtmış Heydər Əliyevin gərgin əməyi və səyi nəticəsində ölkədə sabitliyin bərqərar edildiyini, çətinliklərin tədricən aradan qaldırıldığını bildirmiş, Xəzərin neft yataqlarının işlənilməsi və xarici bazarlara çıxarılmasında “Əsrin müqaviləsi”nin əhəmiyyətini qeyd etmişdir. O, Cənubi Qafqaz ölkələri arasında Azərbaycana daha çox sərmayə qoyulduğunu, “Bakı-Tbilisi-Ceyhan” boru kəmərinin inkişaf etməkdə olan iqtisadiyyatımızda əsaslı dönüş yaradacağını bildirmiş, Prezident Heydər Əliyevin regionda böyük nüfuza malik olduğunu xüsusi vurğulamışdır.
Axırda Qafqaz bölgəsindəki hadisələrlə bağlı dinləyicilərin suallarına ətraflı cavablar verilmişdir.
Azərbaycanın Fransadakı səfiri Eleonora Hüseynova görüş - disputda iştirak etmişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris