İDMAN
“Paşa Bank” ilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti əməkdaşlıq edəcək
Bakı, 6 may, Səxavət Quliyev, AZƏRTAC
Mayın 6-da “PAŞA Bank” və “Formula-1” üzrə Avropa Qran-prisinin təşkilatçı şirkəti olan “Bakı Şəhər Halqası” (BŞH) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, əldə olunan razılığa əsasən, “PAŞA Bank” BŞH-nin bank xidmətləri üzrə tərəfdaşı kimi çıxış edəcək. Memorandumda tərəfdaşlıq münasibətlərinin qurulması və müxtəlif birgə kampaniyaların keçirilməsi nəzərdə tutulub.
Memorandumu “PAŞA Bank”ın idarə heyətinin üzvü Aydın Atakişiyev və BŞH-nin kommersiya şöbəsinin müdiri Bülent Özərdim imzalayıblar.
Aydın Atakişiyev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib və “Formula-1” Qran-prisinin ölkəmizin turizm potensialının inkişafı baxımından əlverişli olacağını diqqətə çatdırıb. Bildirib ki, “Formula-1” yarışı dünyada böyük tamaşaçı auditoriyasına malikdir. Ölkəmizdə bu yarışa hazırlıq yüksək səviyyədə gedir. Ümid edirəm, yarışı izləmək üçün Azərbaycana gələcək qonaqlar ölkəmizdən xoş təəssüratlarla qayıdacaqlar. Çünki turistlərin ölkəmizdə gözəl vaxt keçirməsi üçün hər cür şərait mövcuddur.
BŞH-nin kommersiya şöbəsinin müdiri Bülent Özərdim yarışa hazırlığın plana uyğun davam etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın mədəniyyətinin, tarixinin və incəsənətinin nümayiş olunması baxımından yarışın rolu əvəzsizdir. Həmçinin turizmin inkişafına da Qran-prinin böyük töhfəsi olacaq. Bu gün imzalanan memorandum isə iki qurumun birgə əməkdaşlığında yeni nailiyyətlərin əldə olunmasında xüsusi rol oyanayacaq.
Sonra jurnalistlərin sualları cavablandırılıb.