İQTİSADİYYAT
“PAŞA Həyat Sığorta” şirkəti yaranmasının 6 illiyini qeyd edir
Bakı, 24 noyabr, AZƏRTAC
“PAŞA Həyat Sığorta” şirkəti bu gün dövlət qeydiyyatına alınmasının 6 illiyini qeyd edir.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, “PAŞA Həyat Sığorta” 2010-cu il noyabrın 24-də yaradılıb. Şirkət 6 il əvvəl 7 milyon manat nizamnamə kapitalı ilə təsis olunub və Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir.
Fəaliyyətinin 6 ili müddətində şirkət nizamnamə kapitalını 5,75 dəfə artıraraq 40,250 milyon manata çatdırıb. Bununla yanaşı, toplanan yığımların həcminə görə bazarın əsas iştirakçısı olan “PAŞA Həyat” bu ilin 10 ayında 67 milyon manata yaxın sığorta haqqı ilə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ikinci yerdə, həyat sığortası üzrə isə bazarın lideridir.
Şirkət Azərbaycanın zəngin tarixi-mədəni irsini, həmçinin müasir inkişafını dünyaya çatdırması istiqamətində İçərişəhərə aid “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklərin kitabı”, Azərbaycan miniatür sənətindən bəhs edən “Təbrizin sehrli nağılları”, Şəkiyə həsr edilmiş “Məftun edən şəhər” və Bakının mədəni irsi və müasir nailiyyətlərini özündə əks etdirən “Bakı simfoniyası” adlı kitabların işıq üzü görməsində, eləcə də bu kitabların oxucu kütləsinə çatdırılmasında yaxından dəstək olub.
Şirkət, həmçinin gənc və yeniyetmə şagirdlərin futbola cəlb edilməsi, futbolsevərlər arasında bu idman növünü təbliğ etmək və gəncləri sağlam həyata yönləndirmək məqsədilə Sumqayıt şəhərində və onun ətrafında yerləşən bütün orta təhsil ocaqlarını əhatə edən “Futbol və Sağlam Həyat” layihəsi, eyni zamanda “Yay Futbol Düşərgəsi” layihəsi, gənclərin sığortaya olan marağını artırmaq məqsədilə tələbələr üçün “Sığorta və sığorta mədəniyyəti” adlı pulsuz maarifləndirici təlim layihələri həyata keçirib.
Sosial layihələr sırasında Azərbaycanda ilk dəfə olaraq “PAŞA Həyat Sığorta”nın təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını alan “HR Forum 2015” və “HR Forum 2016” adlı layihə, eyni zamanda valideyn himayəsindən məhrum olan uşaqlara göstərilən dəstək layihələri yer alıb.
Şirkət hazırda müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.