İQTİSADİYYAT
“PAŞA Həyat” əmək qabiliyyətini itirmiş daha iki şəxsə 95 min 272 manat həcmində sığorta ödənişi verib
Bakı, 21 dekabr, AZƏRTAC
“PAŞA Həyat” sığorta şirkəti “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə daha iki sığortalı şəxsə ödəniş edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, ayrı-ayrı neft şirkətlərində çalışan iki sığortalı əməkdaş istehsalat zamanı xəsarət alıblar. Qanunvericiliyə əsasən, müəyyən edilib ki, işçilərdən biri xəsarət nəticəsində əmək qabiliyyətinin 100 faizini, digər işçi isə 60 faizini itirib.
Sığorta olunan şəxslərin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, “PAŞA Həyat” şirkəti tərəfindən zərərçəkmiş şəxslərə, o cümlədən əmək qabiliyyətinin 100 faizini itirmiş şəxsə 55 min 474 manat, əmək qabiliyyətinin 60 faizini itirmiş şəxsə isə 39 min 798 manat həcmində birdəfəlik sığorta ödənişləri verilib.
Cari ilin yanvar ayından indiyədək istehsalat zamanı xəsarət alan şəxslərə görə “PAŞA Həyat” tərəfindən 451 min manatdan çox birdəfəlik ödənişlər edilib.
Qeyd edək ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Azərbaycanın ümumi sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat”ın cari ilin dekabr ayının 1-nə aktivlərinin həcmi 154 milyon manata yaxın, nizamnamə kapitalının həcmi isə 40,250 milyon manat təşkil edir.