İQTİSADİYYAT
“PAŞA Həyat” vəfat etmiş şəxsin banka olan ipoteka kreditini ödəyib
Bakı, 17 noyabr, AZƏRTAC
“PAŞA Həyat” “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 46 512 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyəti bank üzrə ödənilib.
“PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 9 sığorta hadisəsinə görə, ümumilikdə, 184 733 manat həcmində sığorta ödənişi verilib.
Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari il noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edir.