İQTİSADİYYAT
“PAŞA Həyat”ın “Təcrübəni bölüş” layihəsi çərçivəsində növbəti görüş
Bakı, 8 noyabr, AZƏRTAC
“PAŞA Həyat” “Təcrübəni bölüş” sosial layihəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində növbəti görüşünü təşkil edib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimdə “PAŞA Həyat”ın insan resursları departamentinin direktoru Tural Məmmədov və universitetin bir qrup tələbə heyəti iştirak edib. “PAŞA Həyat”ın təşəbbüsü ilə təşkil edilən görüşdə T.Məmmədov uğurlu iş adamı olaraq tələbələrlə öz karyera təcrübəsini bölüşüb, onlara gələcək iş həyatında faydalı məsləhətlər verib.
Görüşdə tələbələrə “PAŞA Həyat”ın sosial layihələri ilə yanaşı, uğurlu karyera qurmağın yolları, işə qəbul prosesində rast gəlinən çətinliklər, uğur qazanmağın yolları, həmçinin bu sahənin vacibliyindən danışılıb. T.Məmmədov daha sonra rəhbərlik etdiyi departamentin işinin təşkili və işə qəbul prosesləri kimi məsələlərə toxunub.
Görüşün sonunda tələbələri maraqlandıran müxtəlif suallar ətraflı şəkildə cavablandırılıb və ən maraqlı sual verən tələbəyə “PAŞA Həyat”ın hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, “PAŞA Həyat”ın “Təcrübəni bölüş” layihəsi ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarını əhatə edir. Layihənin məqsədi şirkətdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək və onlara gələcək iş həyatında faydalı məsləhətlər verərək onların karyera imkanlarını daha düzgün istiqamətə yönəltməkdən ibarətdir. Layihə çərçivəsində indiyədək 3 universitetdə görüş keçirilib. Görüşlərdə 150-dən çox tələbə bu layihənin iştirakçısı olub.