İQTİSADİYYAT


“PAŞA Həyat”ın təşkilatçılığı ilə beynəlxalq HR forumu keçiriləcək

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

“PAŞA Həyat” şirkətinin təşkilatçılığı ilə noyabrın 11-də “İnsan Resursları Forumu-Bakı 2016” adlı beynəlxalq forum keçiriləcək.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, builki forumun əsas mövzusu insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr edilib. Məqsəd insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməkdir.

İki paneldən ibarət olacaq forumda 10 spikerin, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri çıxış edəcək. Forumun əsas dinləyici hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqi ilə təmasda olan rəhbər şəxslərdir.

Forumda spiker qismində tanınmış yerli (Azercell, SOCAR, Deloite Azerbaijan və s.) və beynəlxalq qurumların (Adler Central Europe, TMA Method International, Kare HR Consultacy, Korn Ferry Hay Group və digəriləri) rəhbərləri, eləcə də HR strukturları üzrə rəhbərləri, HR sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər iştirak edəcək. Foruma 300 nəfər qatılacaq.

Forumda iştirak etmək istəyən şəxslər www.hrforum.az saytına daxil olmaqla qeydiyyat şərtləri ilə tanış ola, eləcə də iştirak üçün müraciət edə bilərlər. Həmçinin builki forumun spikerləri ilə bağlı məlumatı forumun rəsmi facebook səhifəsindən (Hrforum.az və www.pasha-life.az saytından) də əldə etmək mümkündür.

Qeyd edək ki, artıq ikinci dəfə keçiriləcək forum “PAŞA Həyat”ın təşkil etdiyi sosial bir layihə kimi insan resurslarının idarə edilməsi sahəsində Azərbaycanda və digər ölkələrdə ən yaxşı təcrübələrin müzakirə edilməsi yolu ilə ümumilikdə ölkənin biznes sektorunda idarəetmənin inkişafına dəstək olmaq məqsədi daşıyır. Ötən il təşkil edilmiş forumda 300-dən çox peşəkar HR mütəxəssislərin iştirakı təmin edilib.

Forumla bağlı operativ və ətraflı məlumat əldə etmək istəyənlər “PAŞA Həyat”ın (012) 942 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.