REGİONLAR
PAYIZLIQ TAXIL ƏKİNİ BAŞA ÇATMIŞDIR
İsmayıllı respublikamızın iri taxılçılıq rayonlarındandır. Bölgədə aparılan uğurlu aqrar siyasəti son illər əkin sahələrinin genişləndirilməsinə, məhsul istehsalının intensiv artmasına zəmin yaradır. İsmayıllılar bu il zəmilərdən 68200 ton məhsul əldə etmişlər ki, bu da 2002-ci ildəkindən 2000 ton çoxdur. Cari ildə hər hektarın məhsuldarlığı 25,6 sentner olmuşdur. Rayonun Qalagah, Hacıhətəmli, Mican, Kürdmaşı, Qubaxəlilli ərazi bölgələrində, Nikitin adına kolxozda daha yüksək göstəricilər əldə edilmişdir.
Kənd əməkçiləri payızlıq taxıl əkini kampaniyasını da uğurla başa vurmuşlar. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Məhərrəm Əhmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, rayonda 27866 hektar sahədə taxıl əkilmişdir, bu da ötən ildəkindən xeyli çoxdur. Torpaq sahibləri ən çox yerli şərait üçün əlverişli olan “Kroşka”, “Faktor”, “Qiymətli” növlərinə üstünlük vermişlər.