SİYASƏT
PREZİDENT FƏRMANININ İCRASINI TƏMİN ETMƏK ÜÇÜN
“Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün respublikanın rayon və şəhərlərində ciddi hazırlıq işləri görülür.
Kürdəmir rayon Əhalinin sosial müdafiəsi mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təkcə bu rayonda 10 min nəfərədək adam güzəştlər əvəzinə müavinət alacaqdır. Bununla əlaqədar sənədlərin vaxtında hazırlanması üçün qızğın iş gedir. Mərkəzin rəhbərliyi çalışır ki, vətəndaşlar müavinətləri vaxtında ala bilsinlər. Müavinətlərin əhaliyə birbaşa evlərində çatdırılması üçün də tədbirlər görülür ki, bu da vaxt itkisinin, çətin iqtisadi şəraitdə əlavə yol xərclərinin qarşısını alır.
Mərkəz qaçqın və köçkünlərə imkan daxilində maddi yardım da göstərir. Onu da əlavə edək ki, bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rayonda ilk dəfə olaraq bir nəfər Qarabağ əlili üçün üçotaqlı mənzil tikib istifadəyə vermişdir.
AZƏRTAC-ın
“Şirvan” informasiya mərkəzi