ELM VƏ TƏHSİL
“PREZİDENT HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN NEFTİ” UNİVERSİTETİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ
Azərbaycan Dövlət Neft Akademiyası yanında fəaliyyət göstərən “Prezident Heydər Əliyev və Azərbaycan nefti” universitetinin növbəti məşğələsi ölkəmizin dövlət müstəqilliyi gününə həsr edilmişdir.
ADNA-nın rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Siyavuş Qarayev məsğələni giriş sözü ilə açaraq xatırlatdı ki, son 11 ilin tarixi hadisələrinin təhlilinin də göstərdiyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çox-çox çətindir. Ölkəmizdə müstəqilliyin ilk illəri hərc-mərcliklə, iqtisadi böhranla və vətəndaş qarşıdurması ilə müşayiət olunmuşdur. Yalnız Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra bu vəziyyət aradan qaldırıldı. 1994-cü ildə Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə olundu, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Ölkədə iqtisadi yüksəliş başlandı, neft müqavilələrinin imzalanması xarici sərmayələrin Azərbaycana axınına təkan verdi.
Sonra Milli Məclisin deputatı Fəttah Heydərov çıxış etdi. O dedi ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük nailiyyəti və milli sərvətidir. Bunu qorumaq və əbədi, dönməz etmək Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində mümkün olmuşdur. Parlamentin deputatı bu siyasətin bəzi məqamlarından ətraflı söhbət açdı.