SİYASƏT
PROKURORLUQDA QULLUĞA QƏBUL ÜZRƏ TEST İMTAHANI KEÇİRİLMİŞDİR
Sentyabrın 10-da Bakı Ali Pedaqoji Qızlar Seminariyasında prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqədə iştirak edən namizədlər üçün test imtahanı keçirilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq, Respublika Prokurorluğu və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, ilk dəfə, demokratik prinsiplər və beynəlxalq standartlar əsasında prokurorluq orqanlarında qulluğa qəbul üzrə test imtahanı təşkil etmişlər.
Baş prokurorun müavini Eldar Nuriyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu il mayın 31-də Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq etdiyi “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən, ilk dəfə olaraq, Respublika Prokurorluğunun ştat ehtiyatı hesabına 60 yerə müsabiqə elan edilmişdir. Müsabiqədə ölkənin müxtəlif universitetlərinin hüquq fakultələrinin 281 məzunu iştirak etmişdir.
Xatırladaq ki, test imtahanı müsabiqənin yalnız birinci mərhələsidir. Onu uğurla verən namizədlər sonra müsahibəyə dəvət olunacaqlar. Prokurorluq orqanlarında qulluğa qəbul edilənlər birinci il təcrübə keçəcək, ikinci il isə onlar üçün sınaq müddəti olacaqdır.
Respublika Prokurorluğu mətbuat xidmətinin mətbuat üçün yaydığı açıqlamada deyilir ki, məhkəmə hakimiyyətinin tərkib hissəsi kimi, prokurorluq orqanlarında da aparılan islahatlar, onun statusunun və funksiyalarının dəyişməsi prokurorluğun totalitar rejim orqanından insan hüquq və azadlıqlarının müdafiəçisinə çevrilməsinə əlverişli zəmin yaratmışdır. Bununla əlaqədar, qısa müddət ərzində prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradılmışdır. Prokurorluğun təşkili və fəaliyyət prinsiplərini müəyyənləşdirən Konstitusiya müddəası (maddə 133) əsasında dünya standartlarına uyğun və beynəlxalq dəyərləri əks etdirən “Prokurorluq haqqında” Qanun qəbul olunmuşdur.
Prokurorluq orqanlarının qarşısında duran mühüm vəzifələrin layiqincə yerinə yetirilməsi üçün yüksək peşə hazırlığına və mənəvi keyfiyyətlərə malik prokuror və müstəntiqlər korpusunun formalaşması vacib şərtlərdəndir. Buna nail olmaq üçün qanunvericilik prokurorluğa işə qəbulla əlaqədar namizədlər qarşısında bir sıra ciddi tələblər qoymaqla bərabər, onların işə qəbul olunmasının xüsusi qaydalarını da dəqiq müəyyən etmişdir.
Bu müsabiqə Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hüquqi islahatların tərkib hissəsi və prokurorluq orqanları tarixində əlamətdar hadisə, prokurorluq orqanlarında kadr islahatlarının davamıdır.
İmtahanların nəticələrinə əsasən, 168 namizəd müsabiqənin ikinci turunda iştirak etmək hüququ qazanmışdır.
Test imtahanlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Respublika Prokurorluğunun əməkdaşları, ölkənin ali icra və qanunvericilik orqanlarının, BMT-nin İnkişaf Proqramının, Avropa Şurasının, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişlər.