MƏDƏNİYYƏT
Paestumda Azərbaycanda arxeoloji tədqiqatlara həsr edilən bir neçə nəşrin təqdimatı olub VİDEO
İtaliyanın Paestum şəhərində təşkil edilən “XVII Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” çərçivəsində Azərbaycanda arxeoloji tədqiqatlara həsr olunan bir neçə nəşrin təqdimatı keçirilib.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Emil Səfərov tədbir iştirakçılarına “Azərbaycan mədəni və təbii irsi fotolarda” fotoalbomu haqqında məlumat verib. Bildirilib ki, nəfis tərtibatı ilə diqqəti cəlb edən albomda fotoqraf Etibar Cəfərovun paytaxt Bakı, bölgələrimiz, ölkəmizin turizm potensialı, tarixi abidələri, müasir tikililər, məscidlərlə bağlı çəkdiyi fotolar yer alıb.
Vurğulanıb ki, Azərbaycanın mədəni irsi ilə tanış olmaq istəyən italiyalı oxucuları maraqlandıracaq “İRS-Patrimonio” jurnalı bütünlüklə ölkəmizin yarmarkada iştirakına həsr edilib. İtalyan dilində çapdan çıxan nəşrdə ölkəmizdə aparılan arxeoloji tədqiqatlar, Qobustan, Naxçıvan, Qarabağdakı abidələr və bu bölgələrin mətbəxi barədə ətraflı məlumatlar yer alıb.
Tədbirdə təqdim olunan nəşrlərdən biri də ingilis və italyan dillərində çap olunan “Azərbaycan arxeologiyası” almanaxıdır. Bu nəşrdə Azərbaycanın müxtəlif bölgələrində aparılan arxeoloji tədqiqatlarla bağlı ətraflı məlumatlar əks olunub.
“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı çıxış edərək deyib ki, yarmarkada Azərbaycanın xüsusi qonaq statusunda iştirakı önəmli hadisədir. Qısa zamanda Azərbaycan mədəni irsi və tarixi ilə bağlı dolğun məlumatların yer aldığı nəşrlər ərsəyə gəlib. Mədəni dəyərlərimizin tanıdılması istiqamətində belə nəşrlər olduqca vacibdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova diqqətə çatdırıb ki, bu tədbir Azərbaycanın arxeoloji irsini, turizm sektorunun inkişafını nümayiş etdirmək üçün geniş imkan yaradır. Yarmarkada Azərbaycan stendinin ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanması təqdirəlayiqdir.
İtaliyanın Kalabria Universitetinin əməkdaşı Silvestro Ruffolo Azərbaycanla bağlı təəssüratlarını bölüşüb. O deyib ki, keçmişlə gələcəyin vəhdət təşkil etdiyi Azərbaycanda arxeologiya sahəsində birgə layihələr həyata keçirilib. Bu istiqamətdə əməkdaşlıq və keçmişin sehrli aləminə birgə səyahət çox maraqlı olub.
Digər çıxış edənlər arxeoloji turizmin hazırda bütün dünya ölkələrində maraq göstərilən sahə olduğunu bildiriblər. Qeyd edilib ki, bu sahənin özəlliyi onun ilk növbədə intellektual mahiyyət kəsb etməsidir. İnsanların həm səyahət etməsi, həm də arxeoloji aləmdə baş verənlərlə bağlı məlumatlandırılması çox önəmlidir.
İştirakçılara, həmçinin “Orta əsr Ağsu şəhəri”, “Orta əsr Şəmkir şəhəri”, “Göytəpə neolit kəndi” və “Qədim Qəbələ” arxeoloji ərazilərinə, eləcə də Qarabağ bölgəsinin arxeoloji irsinə və burada aparılmış tədqiqatlara həsr edilən virtual turların daxil olduğu multimedia məhsulları təqdim olunub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Paestum