DÜNYA


Pakistan Ali Məhkəməsi Baş nazir Nəvaz Şərifi vəzifədən kənarlaşdırıb

Bakı, 28 iyul, AZƏRTAC

Pakistanın Ali Məhkəməsi bu gün Baş nazir Nəvaz Şərifi vəzifədən kənarlaşdırıb.

AZƏRTAC xəbər verir ki, Geo TV telekanalının məlumatına görə, bu qərar hökumət başçısı və onun ailəsi barədə antikorrupsiya təhqiqatının nəticələri, həmçinin onun 2016-cı ilın mayında “Panama sənədləri” ilə bağlı qanunvericilər qarşısında çıxışı zamanı “səmimi olmadığı” səbəbindən qəbul olunub.

Baş nazirin vəzifədən kənarlaşdırılması barədə qərar yekdilliklə qəbul edilib. Məhkəmə, həmçinin Panamaya məxsus hüquq firmalarının birinin 2016-cı ilin aprelində dərc olunan sənədinə əsasən Nəvaz Şərifə qarşı cinayət işi başlanmasına dair qərar çıxarıb. Sənəddə Şərifin iki oğlunun və qızının Britaniya Vircin Adalarında azı 3 ofşor kompaniyaya gizli şəkildə sahib olduğu bildirilir.

Aprel ayında məhkəmənin “Panama işi” üzrə yaradılmış xüsusi komissiyası Nəvaz Şərifin korrupsiya sxemində əli olması barədə sübutları yetərsiz saymış və onu vəzifədən kənarlaşdırmağı məqsədəuyğun hesab etməmişdi.

Bundan sonra ali məhkəmə üçün yığılan materiallar 6 həftə ərzində antikorrupsiya məhkəməsinə göndəriləcək. Burada Baş nazir, onun qızı Məryəm, oğulları Həsən və Hüseyn, həmçinin keçmiş kürəkəni Məhəmməd Səfdərə qarşı araşdırma aparacaq və onlar barədə qərar 30 gün ərzində elan olunacaq.

Eyni zamanda, Pakistan Ali Məhkəməsi ölkənin maliyyə naziri və Nəvaz Şərifin maliyyə məsələləri üzrə məsləhətçisi Məhəmməd İshaq Darı da vəzifəsindən kənarlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.