MƏDƏNİYYƏT
Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi otağı açılıb VİDEO
İslamabad, 9 dekabr, AZƏRTAC
Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi otağının açılışı olub.
Tədbirdə Milli Kitab Fondunun icraçı direktoru İnam ul Haqq Caved Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından söhbət açıb. O bildirib ki, rəhbərlik etdiyi Fond Nizami Gəncəvinin əsərlərinin urdu dilinə tərcümə olunması haqqında qərar qəbul edib.
Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, “Kitab səfiri” Məhəmməd Asif, Sülh Və Demokratiya İnstitutunun direktoru Farhat Nur çıxışlarında Nizami Gəncəvinin humanist şair olduğunu bildirib, onun əsərlərində ümumbəşəri, ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealların öz bədii əksini tapdığını söyləyiblər.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov dahi şair Nizami Gəncəvinin adını daşıyan otağın yaradılması ilə bağlı qərara görə Pakistan Hökumətinə və Milli Kitab Fonduna minnətdarlığını bildirib.
Səfir deyib ki, Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə”nin müəllifi kimi daxil olub. Dahi şairin dünya ədəbiyyatına verdiyi töhfələrdən danışan diplomat bildirib ki, o, həm də böyük vətənpərvər şair kimi tanınıb, öz əsərlərində haqq-ədaləti müdafiə edib.
Pakistan Nazirlər Kabinetinin əlaqələndirmə naziri Babar Yaqub Fateh Məhəmməd Nizami Gəncəvinin yaradıcılığındakı humanizm ideyaları haqqında söhbət açıb. Bildirilib ki, Nizami Gəncəvi filosof-şair kimi Şərq xalqları ədəbiyyatlarının inkişafına böyük təsir göstərib, beləliklə də dünya mədəniyyəti xəzinəsinə daxil olub. Pakistan ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışan nazir deyib ki, Nizami Gəncəvi otağının açılışı mədəniyyət sahəsində əməkdaşlığın inkişafına təkan verəcək.
Sonra Nizami Gəncəvi otağı ilə tanışlıq olub. Səfirliyin dəstəyi ilə təmir edilən otaqda şairin portreti, ingilis və Azərbaycan dillərində çap olunan kitabları qoyulub. Burada Azərbaycanın böyük şairləri Məhəmməd Füzuli, Xaqanı Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Mirzə Ələkbər Sabir və başqa şair və yazıçılarımızın portretləri, həmçinin Azərbaycanın zəngin mədəniyyətini əks etdirən çoxsaylı eksponatlar da var.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad