SİYASƏT


Pakistan mətbuatı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında materiallar yayıb

İslamabad, 11 may, АZƏRTAC

“Pakistan in the World” jurnalı və portalı, həmçinin “The Newspaper” qəzeti ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən, İslam həmrəyliyi və milli mənəvi dəyərlərin qorunmasına mühüm töhfələrindən bəhs edən məqalələr yayıb.

Məqalələrdə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra düşdüyü çətin siyasi və iqtisadi vəziyyət, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, vəziyyətin gündən-günə pisləşməsi ilə üz-üzə qalan Azərbaycanın ozamankı rəhbərliyinin Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etdiyi xüsusi vurğulanır.

Yazılarda Azərbaycan Prezidenti seçildikdən sonra Heydər Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi islahatlar nəticəsində ölkədə dövlət hakimiyyətinin möhkəmləndiyi, siyasi-iqtisadi sabitliyin bərqərar olunduğu, dünya gücləri və region ölkələri ilə əməkdaşlığa əsaslanan balanslaşdırılmış xarici siyasət xəttinin formalaşdırıldığı öz əksini tapıb.

Məqalələrdə vurğulanır ki, Heydər Əliyev İslam dininin mütərəqqi və universal din olduğunu qeyd edib, müqəddəs Kəbəyə həcc ziyarətinə gedib.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkədə çoxlu sayda məscid inşa edilib, Azərbaycan İslam mədəniyyətinin önəmli nümunələrindən olan “Kitab-i Dədə Qorqud” dastanının 1300 illiyi, Azərbaycanın və İslam dünyasının görkəmli şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi təntənəli şəkildə qeyd olunub. Məqalələrdə ulu öndər Heydər Əliyevin İslam həmrəyliyinə önəm verdiyi, onun bu irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanır. Həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edildiyi, bu il mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi bildirilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.