DÜNYA
Pakistanda avtomobil qəzası nəticəsində 10 nəfər həlak olub
İslamabad, 10 fevral, AZƏRTAC
Pakistan mətbuatının yaydığı məlumata görə, fevralın 10-da ölkənin şərqindəki Kot Vara rayonunda sıxılmış qaz avtosisterninin məktəbliləri aparan maşınla toqquşması nəticəsində azı 10 adam həlak olub, 20 nəfərin yaralandığı bildirilir.
Məlumatda deyilir ki, qəza avtosisternin sürücüsünün döngədə ötmə əməliyyatını düzgün aparmaması nəticəsində baş verib, nəticədə avtrosisterndən qaz sızmağa başlayıb və güclü partlayış baş verib. Maşınların hər ikisi yanıb.
Pakistan Statistika Bürosunun verdiyi məlumata görə yolların pis olması, yol hərəkəti qaydalarına əməl edilməməsi və maşınların texniki cəhətdən nasazlığı səbəbindən hər il ölkədə orta hesabla 9 mindən çox avtomobil qəzası baş verir və bu qəzalarda təxminən 5 min adam həyatını itirir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad