DÜNYA
Pakistanda qatarların toqquşması nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb VİDEO [YENİLƏNİB]
İslamabad, 3 noyabr, AZƏRTAC
Bu gün səhər saatlarında Kəraçi şəhəri yaxınlığındakı dəmiryol stansiyasında iki sərnişin qatarının toqquşması nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb.
Kəraçi-Multan marşrutu ilə hərəkət edən “Zakaria Express” sürət qatarı stansiyada dayanan “Fareed Express” qatarına çırpılıb. Nəticədə birinci qatarın bir, ikinci qatarın isə iki vaqonu tam dağılıb.
İlkin məlumata görə, qəza “Zakaria Express” qatarının maşinistinin işıqforun siqnalına məhəl qoymaması nəticəsində baş verib.
11:25
Pakistanın Kəraçi şəhəri yaxınlığında iki qatarın toqquşması və aşması nəticəsində həlak olanların sayı 17 nəfərə çatıb. Qırx nəfərdən çox insan yaralanıb, xeyli adam dağıntılar altında qalıb. Xilasetmə işləri davam etdirilir.
09:50
Noyabrın 3-də səhər saatlarında Pakistanda iki sərnişin qatarının toqquşması 12 adamın həyatına son qoyub.
Kəraçi şəhəri yaxınlığındakı dəmiryol stansiyasında baş verən qəza zamanı təxminən 25 nəfər yaralanıb.
Hazırda xilasedicilər dağıntılar altında qalan adamları xilas edir. Dəmiryol xəttində hərəkət müvəqqəti olaraq dayandırılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad