ORDU
Pakistanın müdafiə sənayesi naziri Bakıda keçiriləcək “ADEX-2016” sərgisində iştirak edəcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq, bu istiqamətdə qarşıda duran vəzifələr, hər iki ölkədə keçirilən sərgilərdə iştirakın təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili və s. məsələlər müzakirə edilib.
Müzakirələr Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin bu ölkənin müdafiə sənayesi federal naziri Rana Tanvir Hüseyinlə görüşündə aparılıb.
Söhbət zamanı Ermənistanın təxribatları, xam xəyalları haqqında məlumat verən səfir Pakistanın ölkəmizə birmənalı dəstəyinin Azərbaycan dövləti və xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. O, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının təmas qrupunun üzvü kimi Kəşmir məsələsinin BMT-nin Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.
Rana Tanvir Hüseyin Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və ölkəmizi daim dəstəklədiyini qeyd edib. Pakistanın müdafiə sənayesi müəssisələrinin istehsal imkanları haqqında məlumat verən nazir Azərbaycan ordusunu müdafiə sənayesi məhsulları ilə təchiz etməyə hazır olduqlarını vurğulayıb. Azərbaycana etdiyi səfərləri və şahidi olduğu inkişafı xatırladan nazir sentyabrının 27-30-də Bakıda keçiriləcək “ADEX-2016” müdafiə sərgisində də iştirak edəcəyini bildirib. Qarşılıqlı hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri və müqavilə-hüquq bazasının artırılması imkanları haqqında söhbət açan nazir özünün, həmçinin Pakistanın elm və texnologiyalar sahəsi üzrə də məsul şəxsi (elm və texnologiyalar federal naziri) olduğunu söyləyib və bu sahədə də Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinin zərurətini vurğulayıb.