REGİONLAR
Pakistanlı turist: Şəki təbiətinə və tarixiliyinə görə bənzərsiz bir şəhərdir
Şəki, 23 mart, Mustafa Dadaşov, AZƏRTAC
Pakistanlı Loğman Akbar 5 ildir ki, Azərbaycanda süd məhsulları istehsal edən yerli şirkətlərdən birində çalışır. Dediyinə görə, Azərbaycanın bölgələrinə səyahət etməyi çox xoşlayır. İndiyədək Quba, Qusar və Qəbələ rayonlarında olub. Azərbaycanda özünü vətənində olduğu kimi hiss edir.
Şəkiyə ilk dəfə səyahət edən Loğman Akbar bu qədim diyarla bağlı təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “İstər təbiət, istərsə də tarixilik baxımından bənzərsiz bir şəhərdir. Bu bölgədə ilk dəfə oluram. Dünən qonşu Qax rayonunda olduq, İlisu kəndindəki qədim abidələri gəzdik, “Ram-ramay” şəlaləsinə qalxdıq. Bu gün isə bu gözəl diyarla tanış oluruq. Şəki xanlarının sarayını görmək çoxdankı arzum idi. Həqiqətən də, çox möhtəşəm memarlıq abidəsidir. Hələlik şəhərlə yaxından tanış ola bilməmişəm. Amma hiss edirəm ki, əsrarəngiz bir şəhərdir. Heyif ki, Şəkidə bir gün qalacağıq, sabah Qəbələyə yola düşməliyik. Gələcəkdə Şəkiyə bir daha gəlməyi düşünürəm”.