ELM VƏ TƏHSİL
Pambıq bitkisinin becərilməsi əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır
Bakı, 26 iyul, AZƏRTAC
Hazırda ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu alimlərinin Sabirabad rayonu Minbaşı kəndinin fermer təsərrüfatında uğurlu tədqiqat işlərini davam etdirirlər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədqiqatçılar təcrübə sahəsində, yəni pambıq tarlasının mikroelementlərin pambıq bitkisi altında tətbiq edildiyi hissəsində aparılan fenoloji müşahidələr nəticəsində pambıq kollarının boyunun 80-100 santimetrədək olduğunu, kollarda ağ və tünd çəhrayı çiçəklərin açıldığını, ara-sıra əmələ gəlmiş qozaların da göründüyünü qeyd ediblər.
Heydər Əliyev adına fermer təsərrüfatının rəhbəri Urfulla Qocayev Sabirabad rayonunda 15.000 hektardan artıq sahənin pambıq bitkisi altında olduğunu, onun təsərrüfatında 39 hektar sahədə pambıq bitkisinin əkildiyini və hər hektardan 45-50 sentnerədək məhsul götürüləcəyini bildirib. Qeyd edilib ki, pambığın becərilməsində və məhsulun yığılmasında kənd əhalisinin daha çox hissəsi işlə təmin olunacaq. Bu isə kənd əhalisinin işsizlik probleminin həllində müəyyən rol oynayır və əhalinin sosial rifahının yaxşılaşdırılmasında böyük əhəmiyyət daşıyır.