ELM VƏ TƏHSİL
Pambıq bitkisinin məhsuldarlığını artırmaq məqsədilə fermer təsərrüfatında təcrübə aparılıb
Bakı, 7 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli Sərəncamında kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, eləcə də pambıq istehsalına əhalinin marağının artırılması və digər məsələlər xüsusi yer tutur. Pambıq bitkisi torpaqda duz rejiminə həssas, qida elementlərinə çox tələbkardır. Pambıq bitkisinin məhsuldarlığının yüksəldilməsində onun duza davamlılığı kimi xüsusiyyətinin artırılması da əsas məsələlərdən biridir. Bu duzadavamlılıq təkcə duzların torpaqdakı miqdarından yox, onun duz tərkibindən (xlorlu-sulfatlı və ya sulfatlı-xlorlu), vegetasiya dövründəki dinamikasından və su rejimindən də asılıdır. Mikroelementlərin tətbiqi şoran torpaqlarda xlorun bitkiyə daxil olmasının qarşısını almaqla bərabər, makroelementlərin (NPK) bitkilər tərəfindən mənimsənilməsinə də müsbət təsir göstərir.
Şoran torpaqlarda pambıq bitkisinin məhsuldarlığını artırmaq, onun keyfiyyətini yaxşılaşdırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun mikroelementlər və mikrogübrələr laboratoriyası tərəfindən Sabirabad rayonunun Minbaşı kəndinin ərazisində fermer Urfulla Qocayevin pambıq sahəsində təcrübələr aparılıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, fermer təsərrüfatında təcrübə zamanı yalnız mürəkkəb azot gübrəsi olan ammonium-nitrat istifadə edilib. Pambıq sahəsi mütəhərrik fosforla orta dərəcədə (32,50 – 41,26 mq/kq), mübadiləvi kaliumla isə çox zəif təmin olunub. Sahəyə təsiredici maddə hesabı ilə hektara 100 kiloqram NH4NO3 və onun fonunda 0,5-3 kiloqrama qədər mikroelementlər (mis, sink, manqan, molibden) verilib. Torpaq altına mikroelementlərin azot gübrəsi ilə birlikdə verilməsi məhsuldarlığı yüksəltməklə bərabər, pambığın keyfiyyətini də yaxşılaşdırıb.
Təcrübələrin aparılmasına ixtisasca kimyaçı olan fermer Urfulla Qocayev də kömək edib.