ELM VƏ TƏHSİL
Pambıq sahələrində aparılan elmi təcrübələr yüksək məhsuldarlığa zəmin yaradır
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Neftçala Rayon İcra Hakimiyyəti arasında niyyət protokolu imzalanıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, protokola əsasən, bu elm müəssisəsinin əməkdaşları tərəfindən rayonun fermer təsərrüfatlarında pambıq sahələrinə “Biomax” və “Bakterit” bioloji preparatlarının tətbiqi ilə üzvi mənşəli qida maddələrindən istifadə etməklə təcrübə aparılıb. Çöl təcrübələri AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadə və aqrar elmlər üzrə fəlsəfə doktoru Azad Kərimov tərəfindən aparılıb. Pambıq bitkisi üzərində aparılmış fenoloji müşahidələr göstərir ki, təcrübə sahəsində üzvi gübrələrin və biopreparatların tətbiqi nəticəsində yaradılmış qida rejimi yüksək məhsul əldə olunmasına zəmin yaradıb.
Bununla yanaşı, institutun laboratoriya müdiri, Əməkdar Elm Xadimi, professor Paşa Zamanov, texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadə və aqrar elmlər üzrə fəlsəfə doktoru Azad Kərimovun iştirakı ilə Kür çayının gətirdiyi minerallarla zəngin lil çöküntülərinin, üzvi mənşəli tullantıların və bioloji aktiv maddələrin tətbiqi ilə kompost hazırlanıb. Kompost pambıq və çuğundur bitkiləri altında sınaqdan keçirilir. Bu isə nəticədə dəniz səviyyəsindən 27 metr aşağıda yerləşən, gərgin torpaq-ekoloji şəraitə malik olan Neftçala rayonu ərazisində yayılmış torpaqların münbitliyinin bərpasına və bioloji təmiz kənd təsərrüfatı məhsullarının əldə edilməsinə zəmin yaradacaq.