REGİONLAR
Pambıq yığımı üçün yeni texnika alınıb
Bakı, 12 avqust, AZƏRTAC
Ölkə ərazisində tezliklə başlanacaq pambıq yığımı üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bölmələrinin istifadəsində kifayət qədər texnika mövcuddur və fermerlər texnika üçün müraciət edə bilərlər.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, bu il yığım üçün nazirliyin sifarişi ilə fermerlərin istifadəsi üçün yeni texnikalar gətirilib. ABŞ-ın “John Deer” və “Case” brendlərinə məxsus yüksək məhsuldarlıqlı pambıqyığan kombaynlar, Belarus istehsalı olan “Belarus 80X” traktoru üzərində quraşdırılan pambıqyığan maşın və bir sıra başqa texnika bazalara yerləşdirilməkdədir.
Ölkəmizdə pambıqçılığın inkişafı kənd təsərrüfatında prioritet sahələrdən olduğundan pambığın becərilməsində texnoloji əməliyyatları yerinə yetirmək məqsədilə bu il 41 adda 1313 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. Həmçinin 40 traktor, 54 kotan, 48 riper, 162 pnevmatik və 74 mexaniki çiyid səpən maşın, 119 mala, 184 kultivator, 94 gübrəsəpən maşın, 149 çiləyici, 183 traktor qoşqusu və başqa yeni texnikalar fermer təsərrüfatlarının istifadəsinə verilib.
Respublikada pambıq əsasən Sabirabad, Saatlı, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, Salyan, Ağdaş, Ağsu, Neftçala rayonlarda əkilib və bol məhsul gözlənilir.
Fermerlər texnika ilə bağlı “Aqrolizinq” ASC-nin rayon bölmələrinə müraciət edə bilərlər. Səhmdar cəmiyyətin 12 regionda nümayəndəliyi, 47 rayon bölməsi fəaliyyət göstərir. Rayon bölmələrinin istifadəsində 247 traktor, 818 müxtəlif kənd təsərrüfatı maşını var.
Kənd Təsərrüfatı Nazirliyi fermerlərdən hər hansı problemlə qarşılaşdıqları halda (rayon, şəhər) 1652 telefon nömrəsinə ödənişsiz zəng edib, nazirliyin Çağrı Mərkəzinə məlumat vermələrini xahiş edir.