REGİONLAR


Pambıqçılıq dönüş mərhələsində: subsidiya, güzəştlər və hərtərəfli dövlət dəstəyi

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Respublikamız dünyanın pambıqçılıq ölkələrindən biri hesab edilir. Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur. Hələ 1913-cü ildə Azərbaycanda 100 min hektardan çox sahədə pambıq əkilmiş və 65 min ton məhsul istehsal olunmuşdu.

Pambıqçılıq əməktutumlu və yüksək gəlirli istehsal sahəsi olmaqla yanaşı, həm də ölkədə yüngül sənayenin inkişafına ciddi təkan verə biləcək sektordur. Ölkəmizin sosial və iqtisadi inkişafında bu bitkinin zaman-zaman xüsusi əhəmiyyəti olub. Pambıqçılığın inkişaf etdirilməsi kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Bunlarla yanaşı, pambıq digər dənli taxıl, tərəvəz, bostan bitkiləri üçün əlverişli sələf bitkisi hesab olunur.

Qeyd etmək lazımdır ki, Azərbaycanda pambıqçılığın yüksək inkişafı bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimizin rəhbərliyi dövründə 70-ci illərdən başlayaraq respublikamızda pambıqçılıq sürətlə inkişaf etdirilmiş, bu sahənin böyük sənaye potensialı yaradılmış, torpaqlarda meliorativ tədbirlər görülmüş, irriqasiya sistemi qurulmuş və pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi təmin olunmuşdur. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə respublikada pambığın istehsalı 300 min ton idi, 1981-ci ildə isə 1 milyon 15 min tona çatdı. Yəni, 10 il ərzində pambıq istehsalı 3 dəfədən çox artdı.

Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin əlverişli torpaq-iqlim və təbii-iqtisadi zonalar üzrə ixtisaslaşdırılması nəticəsində 1970-ci ildə respublika rayonlarının 29-u pambıqçılıqla məşğul olduğu halda, 1980-ci illərin əvvəllərində 18 rayonda pambıq becərilirdi. 1969-cu ildə respublikada pambıq istehsalı ilə 450 təsərrüfat məşğul olduğu halda, ixtisaslaşdırılma aparıldıqdan sonra təsərrüfatların sayı 370-ə endirildi. Buna baxmayaraq, həmin təsərrüfatlar əvvəlkindən daha çox pambıq istehsal edirdilər. 1965-1970-ci illərə nisbətən 1971-1975-ci illərdə dövlətə pambıq satışı 34,5 faiz artmışdı. Pambığın orta məhsuldarlığı hər hektarda 30,2 sentnerə çatmışdı. Həmin illərdə ölkə büdcəsinin 22–25 faizini pambıqçılıq təmin edirdi.

Pambıq xüsusən Şirvan, Muğan-Salyan və Mil-Qarabağ bölgəsində əhalinin əsas gəlir mənbəyi idi. Sovet dövründə Azərbaycanda 18 pambıq zavodu fəaliyyət göstərirdi. Mingəçevir və Gəncədə Tekstil Kombinatı, Bakıda isə Bakı Tekstil Fabriki yaradılmışdı.

Heydər Əliyev Azərbaycandan Moskvaya gedəndən sonra hər sahədə olduğu kimi, pambıqçılıq sahəsində də tənəzzül dövrü başladı və bu, statistikada özünü göstərir. 1985-ci ildə Azərbaycanda pambıq istehsalı 1 milyon tondan 780 min tona düşdü. Sonrakı illərdə tənəzzül daha da sürətləndi.

Bunun əsas səbəblərdən biri respublikada pambıqçılıq sahəsinin keçmiş ittifaq iqtisadiyyatının tələbatına uyğun formalaşması, digər tərəfdən isə dünya bazarında xam pambığın alış qiymətinin aşağı, məhsulun maya dəyərinin isə yüksək olması, yerli yüngül sənayenin zəif inkişafı idi. Eyni zamanda, şirkətlər tərəfindən xam pambıq aşağı qiymətlərə tədarük edildiyi üçün torpaq mülkiyyətçiləri pambıq əkininə kifayət qədər maraq göstərmirdilər. 2011-2015-ci illərdə şirkətlər tərəfindən 1 ton xam pambığın alış qiyməti 1-ci növ üçün 410 manat, 2-ci növ 400 manat, 3-cü növ 380 manat və 4-cü növ üçün 370 manat müəyyənləşdirilmişdi və bu qiymət istehsalçıları qane etmirdi. Nəticədə 2015-ci ildə cəmi 18,8 min hektarda pambıq əkildi, 35 min ton məhsul istehsal olundu.

Son illərdə dünya iqtisadiyyatında müşahidə olunan qeyri-sabitlik, eləcə də neftin kəskin ucuzlaşması fonunda dövlətimizin başçısının rəhbərliyi ilə iqtisadiyyatımızın yanacaq-energetika kompleksindən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı sahəsində uğurlu addımlar atılır, sahibkarlar və iş adamları üçün ən münbit şərait yaradılır.

Yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən Azərbaycanda kənd təsərrüfatının böyük potensiala malik, ənənəvi və əməktutumlu sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi dövlətimizin başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi qarşıya qoyulub.

Qeyd edilən sahələrin inkişaf etdirilməsi məqsədilə əlaqədar dövlət orqanlarının və pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, bu məhsulların növlər üzrə tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulub.

Qısa müddətdə həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə respublika üzrə 51,5 min hektar sahədə pambıq əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33 min hektar çoxdur.

Cari ildə 100 min tondan artıq pambıq istehsalı gözlənilir və növbəti illərdə isə bu rəqəmin 600-700 min tona çatdırılması proqnozlaşdırılır.

Pambıqçılığın inkişafına nail olmaq üçün bu sahəyə kompleks yanaşma tələb olunur. Pambıqçılığın dünya bazarında rəqabətqabiliyyətliliyinin təmin edilməsinin mühüm şərtlərindən biri də istehsalçıların daha keyfiyyətli toxumlarla təchiz edilməsidir. Müasir dövrdə səpin üçün ənənəvi olaraq istifadə edilən lifli pambıq toxumları ilə müqayisədə iqtisadi və aqronomik baxımdan daha səmərəli olan lifsiz toxumlardan daha geniş istifadə olunur. Ona görə də yaxın gələcəkdə respublikada pambıq toxumunun lifsizləşdirilməsinin təmin edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Toxum, suvarma, gübrə istifadəsi üzrə müasir sistemin tətbiqi, yeni texnikaların cəlb edilməsi, bu sahə ilə məşğul olanların maarifləndirilməsi, bundan əlavə pambıqçılıq bölgələrində torpaqların meliorativ yaxşılaşdırılması, irriqasiya sisteminin bərpası, pambıq istehsalında kooperasiya sisteminin tətbiqi, kadr potensialının gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

2015-ci ildə pambıqçılıqda istifadə edilən 5.709.395 manat dəyərində 249 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınaraq istehsalçıların istifadəsinə verilib. 2016-cı ildə 78.132.377 ABŞ dolları dəyərində 1890 ədəd texnika, o cümlədən 183 ədəd pambıqyığan kombayn alınıb və ya sifariş olunub. Ümumilikdə, 2015-ci və 2016-cı ilin səkkiz ayında 30.248.395 manat dəyərində 1641 ədəd texnika gətirilib və hazırda onların əksəriyyəti istehsalçıların istifadəsindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə son illər ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, onlar üçün münbit şəraitin yaradılması istiqamətində atılan addımlar, imzalanan fərman və sərəncamlar artıq öz bəhrəsini verməkdədir. Xüsusən respublikamızda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı dövlətimizin başçısının qəbul etdiyi qərarlar, verdiyi tapşırıq və tövsiyələr sayəsində ölkəmizdə pambıqçılığın sürətli inkişafı üçün çox qısa müddətdə əlverişli şərait yaradılıb.

Cari il sentyabrın 17-də Sabirabad rayonunda pambıqçılığın inkişafına həsr olunmuş ümumrespublika müşavirəsinin keçirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 sentyabr tarixli “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” Sərəncamı ilə müəyyənləşdirilmiş, 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilməklə hər kiloqram xam pambığa görə istehsalçılara 0.1 manat subsidiya ayrılması ölkədə pambıqçılığın potensial imkanlarından səmərəli istifadə edilməsinə, istehsala marağın artırılmasına və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına güclü təkan verəcək.

İmran Cümşüdov

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.