REGİONLAR
Pambıqçılıq sahəsinin inkişafında yeni texnologiyaların tətbiqi vacibdir
Aqronom İsa Zeynalov AZƏRTAC-a bildirib ki, pambıq əkiləcək sahələr hamarlandıqda vegetasiya suvarmaları asanlaşır, əmək məhsuldarlığı artır. Əsas becərmə düzgün yerinə yetirildikdə torpaq münbitləşir və burada yetişdirilən pambıq bitkisi su və qida maddələri ilə arası kəsilmədən təmin olunur. Bitkiyə daxil olan qida maddələrinin torpaqda olması əsas şərtdir. Bu şəraiti yaratmaqda torpağın əsas becərilməsi mühüm rol oynayır. Belə torpaqda su, hava, qida rejimi əsasən normal vəziyyətdə olur. Becərilmələrdə münbitlik daha da artırılır, torpaqda üzvi maddələr bollaşır və buradakı faydalı mikroorqanizmlərin həyat şəraiti yaxşılaşır. Pambıq üçün ayrılan sahədə keçən illərdə əkilən bitkidən də çox şey asılıdır. Mövcud növbəli əkin sistemlərinə əsasən pambıq bitkisi yonca, pambıq, siderat bitkiləri və taxıllardan sonra əkilir.
İ. Zeynalov vurğulayıb ki, çiyidin cücərməsini sürətləndirmək, yaxşı inkişaf edən cücərtilər almaq üçün havada və torpaqda müəyyən temperatur həddi olmalıdır. Artıq sübut edilib ki, pambıq çiyidi 10-12 dərəcə temperaturda cücərməyə başlayır və 14-16 dərəcə temperaturda bu proses daha da sürətlənir. Çiyid soyuq torpağa səpildikdə uzun müddət cücərməmiş qalır və zərərli mikroorqanizmlərin təsiri ilə çürüyür. Səpin üçün alınmış toxumlar səpinqabağı dərman preparatları ilə dezinfeksiya edilir və isladılır ki, çiyidin şişməsi və cücərməsi sürətlənsin. Pambıq bitkisinin həyatında suyun rolu çox əhəmiyyətlidir. Suvarma pambığın həyat tərzini tənzimləyir, tarlada mikroiqlimi dəyişir, isti yay günlərində torpağı sərinləşdirir. Suvarma ilə torpaqda qida maddələrinin çevrilməsi intensivləşir, su və qida rejimi tənzimlənir. Buna görə də şərait olarsa pambıq bitkisinin süni suvarma şəraitində becərilməsi çox əhəmiyyətlidir. Pambığın suvarma rejimi becərmə amilindən, iqlim-torpaq şəraitindən, torpağın su-fiziki xüsusiyyətindən, qrunt sularının yerləşmə dərinliyindən də asılıdır.
Mütəxəssis bildirib ki, pambıq bitkisinin qida maddələrini mənimsəməsində su, hava, qida rejimi və torpaqdakı mikrobioloji proseslər də mühüm əhəmiyyət kəsb edir. Bitkinin kökdən qidalanmasına şərait yaratmaq üçün pambıq əkiləcək sahələrdə qabaqcadan çoxillik otlar yetişdirilir. Təcrübələr göstərib ki, yonca yerinə çiyid səpildikdə məhsuldarlıq xeyli artır. Yonca yerində adətən azotun miqdarı fosfora nisbətən çox olur. Ona görə də belə sahəyə əkilən pambıq fosforla bol gübrələnməlidir.
İsa Zeynalovun fikrincə, pambığın alaqları ilə mübarizə əsas aqrotexniki tədbirlərdən biridir. Alaq otları pambıq bitkisinin məhsuldarlığını azaltmaqla lifinin keyfiyyətini də xeyli aşağı salır, məhsulun tam yığılmasına mane olur, sahənin becərilməsinə çoxlu əmək və vəsait sərfinə səbəb olur. Alaqlar suyun, gübrələrin və başqa aqrotexniki tədbirlərin səmərəsini azaldır. Alaq otlarına qarşı aqrotexniki, bioloji, kimyəvi üsulla mübarizə aparılır. Azərbaycanın pambıqçılıq rayonlarında relyefin və iqlimin müxtəlifliyi çoxlu ziyanvericilərin və xəstəliklərin yayılmasına münasib şərait yaradır. Müəyyən edilmiş həşəratlar içərisində ən qorxulusu pambıq sovkasıdır. Çünki o kütləvi şəkildə yayıldığı illərdə pambıq əkinlərini tələf edir.
Mütəxəssis diqqətə çatdırıb ki, pambıq yığımı çox zəhmət tələb edən işdir. Ona görə də bu işi pambıqyığan maşınlarla görmək üçün tezyetişən və qozaları kütləvi açılan sortların yaradılıb geniş sahələrdə əkilməsi məsləhət görülür. Məhsulu maşınla yığılacaq sahələrdə əvvəlcə bir sıra hazırlıq işləri ilə bərabər, yarpaqlar mütləq tökdürülür. Maşınla yığımın texnologiyası daima təkmilləşdirilir. Pambıq yığıldıqdan sonra meydançada qurudulur, sonra taxıl məntəqəsinə göndərilir. Toplanmış pambıq 10 santimetr qalınlıqda sərilərək qurudulur. Nəmliyi yüksək olan toxumluq pambıq yalnız günəş istisində qurudulur.
İ. Zeynalov bildirib ki, pambıqçılığın inkişafı bu bitkinin becərilməsində yeni texnologiyaların tətbiqini tələb edir. Bu texnologiyada pambıq əkiləcək sahələrin əsaslı hamarlanması, şumlanması, gübrələnməsi, ən müasir suvarma sistemlərinin tətbiqi, səpinqabağı becərmə işləri, yeni məhsuldar toxumların tətbiqi, xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri geniş yer tutmalıdır. Bir sözlə, iş prosesinin yüksək dərəcədə mexanikləşdirilməsinə, pambıqçılıqda əl əməyinin yüngülləşdirilməsinə, məhsuldarlığın artırılmasına çox ciddi fikir verilməlidir.