CƏMİYYƏT
Pan Gi Mun: Biz gələcək nəsillər naminə Paris sazişinin ratifikasiyasını sürətləndirməliyik
Bakı, 5 oktyabr, AZƏRTAC
BMT-nin baş katibi Pan Gi Mun Strasburqda Avropa Parlamentinin üzvləri qarşısında iqlim üzrə Paris sazişinin ratifikasiyasına dair çıxış edib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, Pan Gi Mun çıxışında sənədin hüquqi qüvvəyə mindikdən sonra bu tarixi qərarın planetin bütün insanları üçün daha təhlükəsiz gələcəyə yol açacağını deyib. “Paris sazişinin hüquqi qüvvəyə minməsi üçün iki şərti yerinə yetirmək lazımdır: Birincisi, 55 üzv-dövləti toplamaq, ikincisi, dünyada istixana qazları tullantılarının həcmini minimum 55 faizə çatdırmaq. İndiyədək müqavilə 62 ölkə tərəfindən ratifikasiya edilib. İstixana qazları tullantılarının 52 faizi bu dövlətlərin payına düşür. Mən əminəm ki, Avropa Parlamentinin qəbul etdiyi qərardan sonra biz tezliklə 55 faizə nail ola biləcəyik. Bu saziş ən zəif icmaların qorunmasını təmin edəcək və onlara iqlim dəyişikliklərinin qaçılmaz nəticələrinə uyğunlaşmağa imkan verəcək”, - deyə Pan Gi Mun avropalı parlamentarilərə müraciət edib.
“Biz insanlıq və gələcək nəsillər naminə Paris sazişinin ratifikasiyasını sürətləndirməliyik”, - deyə BMT-nin başçısı əlavə edib. O vurğulayıb ki, planetin bütün insanları üçün təhlükəsiz, stabil və daha ədalətli gələcək qurmaq şansı yaranıb.