İQTİSADİYYAT
Pan Gi Mun: Dəniz nəqliyyatı ticarətin və qloballaşmanın əsasına çevrilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Bu gün dünyanı gəmiçiliksiz təsəvvür etmək mümkün deyil. Dəniz nəqliyyatı ticarətin və qloballaşmanın əsasına çevrilib.
AZƏRTAC BMT xəbər mərkəzinə istinadla bildirir ki, BMT-nin baş katibi Pan Gi Mun bu fikirləri sentyabrın 29-da Beynəlxalq Dəniz Təşkilatının (İMO) qərargahında qeyd edilmiş Ümumdünya Dəniz Günü münasibətilə məktubunda ifadə edib.
Baş katibin məktubunda deyilir: “Gəmilərlə qida məhsulları, texnologiyalar, dava-dərman və digər vacib mallar göndərilir. Dünyada, xüsusən inkişaf etməkdə olan ölkələrdə əhalinin sayı durmadan artır, bununla əlaqədar ucuz başa gələn və səmərəli dəniz daşımaları iqtisadi artım və davamlı inkişaf üçün getdikcə daha çox əhəmiyyət kəsb edir”.
Pan Gi Mun vurğulayıb ki, gəmiçilik sayəsində milyardlarla insan üçün iş yerləri, dolanışıq vasitələrini təmin edilir. Onun sözlərinə görə, dəniz daşımaları bütün dünyada həyat səviyyəsinin sürətlə artmasında mühüm rol oynayıb. BMT-nin rəhbəri 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf sahəsində gündəliyin reallaşdırılmasında gəmiçiliyin mühüm rolunu qeyd edib.
İMO-nun baş katibi Kitak Lima bildirib ki, müasir gəmilər mürəkkəb mütərəqqi texnoloji avadanlıqlarla təchiz olunub. Onun sözlərinə görə, daşınan yüklərin miqdarı artıb, gəmiçiliyin təhlükəsizlik səviyyəsi yüksəlib. Kitak Lima vurğulayıb ki, bu nailiyyətlər həmin sahədə çalışan milyonlarla dənizçinin əməyi sayəsində qazanılıb.
İMO başçısının sözlərinə görə, dəniz daşımaları hər kəsin pul kisəsinə bu və ya digər dərəcədə təsir göstərir. Dəniz daşımalarının daha aşağı məsrəfə başa gəldiyini qeyd edən İMO nümayəndəsi deyib: “Əgər hər hansı mal dəniz yolu ilə daşınırsa, həmin malın mağazadakı son satış qiymətinin nəqliyyata aid tərkib hissəsi cüzi olur”.
Bu gün dənizlərdə ən müxtəlif yüklər daşıyan 50 minə qədər gəmi üzür. 150 ölkənin limanlarında qeydiyyata alınmış bu gəmilərin xidmət heyətinə praktiki olaraq bütün millətləri təmsil edən 1 milyondan çox dənizçi daxildir.
Azərbaycanda da dəniz nəqliyyatının inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə yaradılmış “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Transxəzər beynəlxalq nəqliyyat marşrutu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi layihələrin iştirakçısıdır.
Dövlətimizin başçısının digər sərəncamı ilə liman ərazisində sərbəst ticarət zonası yaradılır. Beləliklə, həmin liman iri nəqliyyat-logistika mərkəzinə çevriləcək.