İQTİSADİYYAT
Pan Gi Mun: Sabit iqtisadiyyat sabit inkişafın yeganə şərti deyil
Bakı, 21 aprel, AZƏRTAC
Təcili tədbirlər görülməzsə, dünya iqtisadiyyatını durğunluq gözləyir. Bu fikri BMT-nin Baş katibi Pan Gi Mun BMT-nin İqtisadi və Sosial Şurasının (EKOSOS), Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Dünya Ticarət Təşkilatının, Ticarət və İnkişaf üzrə BMT Konfransının (UNCTAD) yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə görüşdə bəyan edib.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Pan Gi Mun gənclər arasında işsizliyin səbəblərinə, əmək bazarlarında gender bərabərsizliyinə diqqət yetirməyə çağırıb. Onun fikrincə, bu problemlər bir çox ölkələrdə yayılıb.
Baş katib iyul ayında Əddis-Əbədə keçiriləcək inkişafın maliyyələşdirilməsi üzrə beynəlxalq konfransa böyük ümidlər bəsləyir. Onun fikrincə, konfrans iştirakçıları qarşısında üç vəzifə durur: “Əvvələn, sabit inkişaf üçün maliyyə bazası yaratmaq lazımdır. İkincisi, infrastruktur, kənd təsərrüfatı, sosial təminat, orta və kiçik biznes kimi mühüm sahələrdə problemlərin həllinə dair konkret tədbirlər işləyib hazırlamaq lazımdır. Üçüncüsü, izləmək lazımdır ki, ölkələrdən heç biri diqqətdən kənarda qalmasın”.
Baş katibin sözlərinə görə, sabit iqtisadiyyat sabit inkişafın təmin olunmasının zəruri olsa da, heç də yeganə şərti deyil. Qlobal problemlərin həllinə yanaşma kompleks olmalıdır.