DÜNYA
“Panasonic” inqilabi şəffaf ekranların satışına başlayıb
Bakı, 25 fevral, AZƏRTAC
Əvvəllər populyar plazma televizorları ilə məşhur olan Yaponiyanın “Panasonic” şirkəti yüksəkkontrastlı şəffaf ekranların istehsalına başlayıb. Displeylər istənilən foto və videomaterialları və ya mətnli informasiyanı göstərən tam şüşə paneldən ibarətdir.
AZƏRTAC “DNI24” resursuna istinadən xəbər verir ki, şüşə ekran aktiv iş vaxtında da tam şəffaf olaraq qalır. Şəffaf panel istifadəçiyə televizorun içindən görməyə imkan verəcək. Yeni qurğunun əsas fərqləndirən cəhəti isə proyeksiya texnologiyasıdır. Displeyin konstruksiyası bir-birinə yapışdırılan iki şüşədən ibarətdir və onlar arasında işığı tənzimləyən yüksək dəqiqliyə malik plyonka yerləşir. Sistemin idarə edilməsi üçün istənilən yerdə yerləşdirilən və videonu plyonkaya proyeksiya şəklində daxil etməyə imkan verən minikompüterdən istifadə olunur.
“Panasonic” nümayəndələri yeni məhsul mehmanxanalarda reklam lövhəsi və ya mağaza vitrinləri üçün yaxşı həll ola biləcəyinə əmindirlər. Digər unikal funksiyalar arasında displeyləri bir-biri ilə birləşdirmək imkanı da yer alıb. Başqa sözlə, təsviri eyni dəqiqlikdə göstərəcək 221 düymlü böyük ekran yaratmaq mümkündür.