CƏMİYYƏT
Panik atak nədir?
Bakı, 3 iyun, AZƏRTAC
Panik atak-narahatlıq, qorxu (ölüm qorxusu), sıxıntı kimi hissləri özündə birləşdirən, tutma şəklində meydana çıxan bir narahatlıqdır. Tutma anında xəstə öləcəyini, ürəyinin dayanacağını fikirləşir. Tutma 10 dəqiqə ərzində maksimum həddə çatar, yarım saat sonra tutma yüngülləşər bəzən 1 saat da çəkə bilər.
Bunu 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının həkim psixiatrı Bəxtiyar Mustafayev AZƏRTAC-a müsahibəsində deyib.
Həkim bildirib ki, tutmadan sonra şəxs özünü çox yorğun, tükənmiş hiss edir, tutmanın yenidən olacağından ehtiyat edərək tək qalmaqdan qorxur. Tutma zamanı əlamətlərin ən azı dördünün olması panik atak olma ehtimalını artırır. Panik atakın əlamətləri bunlardır - ürəyin sürətli, yerindən çıxacaqmış kimi döyünməsi, tərləmə (üşümə), titrəmə, nəfəs almaqda çətinlik çəkmə, boğulma qorxusu, baş fırlanması, ürək bulanma və digər buna oxşar narahatçılıqlardır.
“Panik atak əksər hallarda səbəbsiz meydana çıxır. Stressli həyat tərzi bu sindroma meyilliyi yarada bilər. Cəmiyyətdə yayılma faizi yüksəkdir, əsasən 20 yaşda başlamaqla bütün yaşlarda rast gəlinə bilər. Bu hal qadınlarda kişilərlə nisbətdə daha çox rast gəlinir. Daimi təsir altında olan, özünə qapanıq insanlarda, özünü günahkar hiss edən, problemləri çox fikirləşən insanlarda panik ataklar tez-tez olur. Belə bir narahatçılıq olduğu zaman psixiatra müraciət etmək məsləhətdir”,-deyə B.Mustafayev əlavə edib.