CƏMİYYƏT
Paralimpiada medalı necə səslənir?
Bakı, 17 sentyabr, AZƏRTAC
2016-cı il Rio-de-Janeyro paralimpiadasında qələbə sevinci görmə ilə bağlı ciddi qüsurları olan idmançılar üçün xüsusi tərzdə səslənəcək. Builki yarışların yekunlarına görə atletlərin alacağı 2642 medalın hər birinin içərisinə kiçik polad kürəciklər qoyulub. Medalı silkələyəndə o, neçənci yerə görə alınmasına uyğun səs çıxaracaq.
AZƏRTAC editon.cnn.com saytına istinadla xəbər verir ki, qızıl medallar daha uca səslə “oxuyacaq”. Bu medalların hər birinin içərisində 28 balaca kürəcik var. Gümüş medalın içərisində 20, bürünc medalın içərisində isə 16 kürəcik var. Bürünc medalın səsi digərlərindən aşağıdır. Bundan əlavə, medalların hər birinin üzərində Brayl şrifti ilə “Rio 2016 Paralympic Games” mətni həkk edilib. Medalların hərəsinin çəkisi 500 qramdır. Onların üzərində cəsarət, inadkarlıq və atletlərin daimi inkişafının rəmzi kimi sünbül şəkli nəqş edilib.
Paralimpiada oyunları sentyabrın 18-dək davam edəcək. Yarışlarda dünyanın 159 ölkəsində imkanları məhdud olan 4300 atlet iştirak edir.
İdmançılardan biri - əlil arabasında qaçış yarışlarında gümüş medal qazanmış belçikalı Marike Vervort (Marieke Vervoort) bildirib ki, evtanaziya fikrindən vaz keçib. Halbuki bu barədə hələ 2008-ci ildə müvafiq sənəd imzalamışdı. 37 yaşlı bu idmançı şiddətli əzələ ağrılarından əziyyət çəkir. Onun ayaqları iflic olub, tez-tez qıcolma və yuxu problemləri ilə üzləşir. Marike Vervort 2016-cı il Paralimpiya Oyunları ərəfəsində bildirmişdi ki, bu yarışlarda çıxış edəndən sonra evtanaziya proseduru keçməyi planlaşdırır (Belçikada bu prosedur leqaldır). Lakin belçikalı qadın yarışlarda ikinci yeri tutandan sonra bu fikrini dəyişib.