İDMAN
Paralimpiyaçı cüdoçumuz İlham Zəkiyev birinci Avropa Oyunlarının çempionu adını qazanıb [YENİLƏNİB] VİDEO
İkiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev finalda Ukrayna idmançısı Aleksandr Pominovu məğlub edərək birinci Avropa Oyunlarının qızıl medalını qazanıb.
Mübarizəyə yarımfinaldan qoşulan cüdoçumuz yunanıstanlı Klimis Papaçristosu ipponla məğlub edərək həlledici mərhələyə yüksəlib.
20:23
Paralimpiya çüdoçumuz, Avropa çempionatının bürünc mükafatçısı Zakir Milslimov bürünc medal uğrunda görüşdə yunanıstanlı Klimis Papaçritosa ipponla qalib gələrək "Bakı-2015”-i üçüncü pillədə başa vurub.
19:30
Paralimpiyaçı cüdoçular arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Abdullayeva finalda Ukrayna təmsilçisi İnna Çernyaka məğlub olaraq birinci Avropa Oyunlarının gümüş medalına sahib olub.
Xatırladaq ki, dünya çempionu Səbinə Abdullayeva İspaniya cüdoçusu Mariya Monik Merensiano Herrero və Ukrayna təmsilçisi Nataliya Nikolayçuku məğlub edərək finala yüksəlmişdi.
Ukraynalı Nataliya Nikolayçuk və almaniyalı Romano Brussiq yarışı üçüncü pillədə başa vurublar.
17:45
İkiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev gözlənilən ümidləri doğruldub. Mübarizəyə yarımfinaldan qoşulan cüdoçumuz yunanıstanlı Klimis Papaçristosu ipponla məğlub edərək həlledici mərhələyə yüksəlib. Qızıl medal uğrunda görüşdə İlham Zəkiyev ukraynalı Aleksandr Pominov (Ukrayna) ilə üz-üzə gələcək.
Digər çüdoçumuz Zakir Mislimov isə bürünc medal uğrunda görüşdə Klimis Papaçritos ilə qarşılşacaq.
16:38
Yarımfinalda Səbinə Abdullayeva (57 kq) ukraynalı Nataliya Nikolayçuka qalib gələrək finala adlayıb. Qızıl medal uğrunda görüşdə cüdoçumuz ukraynalı daha bir təmsilçi İnna Çernyak ilə üz-üzə gələcək.
15:54
Paralimpiyaçı cüdoçularımızın yarımfinaldakı rəqibləri müəyyənləşib.
Finala gedən yolda Səbinə Abdullayeva (57 kq) ukraynalı Nataliya Nikolayçuk, ikiqat Paralimpiya çempionu, ikiqat dünya çempionu və beşqat Avropa çempionu İlham Zəkiyev isə dünya kuboku yarışlarının bürünc mükafatçısı, yunanıstanlı Klimis Papaçristos ilə qarşılaşacaq.
15:06
Paralimpiyaçı cüdoçuların mübarizəsində Səbinə Abdullayeva (57 kq) yarışa qələbə ilə başlayıb. İspaniya cüdoçusu Mariya Monik Merensiano Herreronu məğlub edən idmançımız yarımfinalda Nataliya Nikolayçuk (Ukrayna) - Şerife Köseoğlu (Türkiyə) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.
14:50
Paralimpiyaçı cüdoçuların yarışında kişilər 90 kiloqramdan yuxarı çəki dərəcəsində, qadınlar isə 57 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. Yarışda ölkəmizi 3 idmançı təmsil edəcək.
Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Mübarizəyə yarımfinal mərhələsindən qoşulacaq ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Dursun Hayran (Türkiyə) - Klimis Papaçristos (Yunanıstan) görüşünün qalibi, Zakir Müslümov isə ukraynalı Aleksandr Pominov ilə qarşılaşacaq.
Səbinə Abdullayeva İspaniya cüdoçusu Mariya Monik Merensiano Herrero ilə üz-üzə gələcək.
13:05
Cüdoçularımızdan Nərgiz İbrahimova (70 kq) Xorvatiya idmançısı Barbara Matika məğlub olaraq “Bakı-2015”-in medallarından kənarda qalıb.
12:02
Yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov ilk görüşünü məğlubiyyətlə başa vurub. Çexiyalı Jaromik Cezekə uduzan cüdoçumuz birinci Avropa Oyunlarında iştirakını yekunlaşdırıb.
11:58
Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan daha bir cüdoçumuz tatami üzərinə çıxıb. Təəssüflər olsun ki, Nuriyyə Axundova ilk görüşdə polşalı Aqata Ozdobaya məğlub olaraq yarışda iştirakını yekunlaşdırıb.
11:49
Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Xanım Hüseynova yarışa qələbə ilə başlayıb. Makedoniyalı Katerina Nikoloskanı məğlub edən cüdoçumuz səkkidəbir finalda Fransa təmsilçisi Klarisse Aqbeqnenou ilə qarşılaşacaq.
11:24
Bakı, 26 iyun, Səxavət Quliyev, AZƏRTAC
Birinci Avropa Oyunlarında cüdo yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, cüdo yarışlarının ikinci günündə kişilər arasında 73, 81, qadınların mübarizəsində isə 63 və 70 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxırlar. Paralimpiyaçı cüdoçular arasında kişilər 90 kiloqramdan yuxarı, qadınlar isə 57 kiloqram çəki dərəcəsində mübarizə aparacaqlar.
İkinci yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq.