REGİONLAR
Paralimpiyaçılar arasında Naxçıvan Muxtar Respublika birinciliyi
Naxçıvan, 4 may, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində və Babək Rayon Şahmat Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş paralimpiyaçılar arasında muxtar respublika birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, idmanın stolüstü tennis, şahmat, dama və darts növləri üzrə keçirilən birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikanın Paralimpiya Federasiyasının təşkilatçılığı ilə reallaşıb.
İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil olunan stolüstü tennis və darts idman tədbirində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov çıxış edərək bildirib ki, muxtar respublikada fiziki imkanları məhdud uşaqların idmana cəlb olunmaları üçün mütəmadi olaraq işlər görülür. Bunun nəticəsidir ki, bu gün keçirilən tədbirdə muxtar respublikanın şəhər və rayonlarından fiziki imkanları məhdud olan 100-ə yaxın uşaq iştirak edir. Yarışların keçirilməsində məqsəd bu kateqoriyadan olan istedadlı, perspektivli idmançıları üzə çıxarmaq və onların daim idmanla məşğul olmalarını təmin etməkdir.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında qeyd edib ki, bu gün gənclərin yüksək səviyyədə təhsil almaları, intellektual səviyyələrinin yüksəldilməsi, dünya görüşlərinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikada gənclik mərkəzləri, kitabxanalar, Olimpiya idman kompleksləri, idman mərkəzləri tikilib və ya əsaslı təmir olunaraq gənclərin istifadəsinə verilib. Bununla yanaşı, fiziki imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası üçün də müəyyən addımlar atılıb. Bu gün muxtar respublikada bu kateqoriyadan olan uşaqlar daim diqqət mərkəzindədirlər. Bu tipli yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana olan maraqlarını artırmaqla, onlar arasında idmanın kütləviliyinə nail olmaqdır.
Sonra yarışlarda ilk üç yeri tutan idmançılara qiymətli hədiyyələr təqdim olundu. Digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar verildi.