SİYASƏT


Paris Azərbaycan Evi: ÜAK-la bağlı qərar yanlış və qərəzlidir

Bakı, 23 may, AZƏRTAC

Paris Azərbaycan Evi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafındakı vəziyyət bizi - xaricdə yaşayan bütün azərbaycanlıları çox narahat edir və bizim bu məsələ ilə bağlı mövqeyimizi ifadə etmək borcumuzdur”.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Rusiya Federasiyası Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin təqdimatına əsasən 2017-ci il 15 may tarixində Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə dair qərarı subyektiv xarakter daşıyır. Hazırkı müddəalar ÜAK kimi böyük və əhəmiyyətli təşkilatın ləğvinə əsas ola bilməz.

Bəyanatda Rusiya ilə Azərbaycan arasında əsrlərboyu davam edən münasibətlərin dostluq və mehriban qonşuluq dəyərlərinə əsaslandığı xatırladılır. Vurğulanır ki, Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirak edir. Həmçinin bu insanlar seçkilərdə səsvermə hüququna malikdir və məsuliyyətli vergi ödəyicisidirlər. Ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış Ümumrusiya Azərbaycanlıları Konqresi isə iki ölkə arasında, eləcə də iki xalq arasında körpü rolunu oynayıb.

“Hazırda belə bir təşkilatın bağlanması haqqında qəbul edilmiş qərar Rusiya ilə Azərbaycan arasında əlaqələrə kölgə sala bilər. Ona görə də Paris Azərbaycan Evi kimi biz Rusiya Federasıyasının Ali Məhkəməsinin qəbul etdiyi qərarı yanlış və qərəzli hesab edirik. Biz, həmçinin Rusiya hökumətinə müraciət edərək Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətləri təhlükə altında qoyan düşünülməmiş qərarı ləğv etməyə, onları erməni lobbisinin təxribatlarının əsiri olmamağa çağırırıq”,- deyə bəyanatda vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.