CƏMİYYƏT
Paris Sazişi bu gün qanuni qüvvəyə minəcək
Bakı, 4 noyabr, AZƏRTAC
Bu gün, noyabrın 4-də İqlimə dair Paris Sazişi qüvvəyə minəcək. Bu həftə daha 5 ölkə - Cənubi Afrika Respublikası, İndoneziya, Danimarka, Səudiyyə Ərəbistanı və Koreya Respublikası həmin sazişə qoşulub.
AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu günə qədər 96 ölkə Paris Sazişinin iştirakçısıdır. Bu gün, yəni Paris Sazişinin qanuni qüvvəyə mindiyi tarixdə Səudiyyə Ərəbistanı və Koreya Respublikası bu sənəd barədə ratifikasiya fərmanlarını BMT-yə təqdim ediblər.
Sazişin yekun müddəalarına əsasən o, parnik qazlarının qlobal tullantılarının ən azı 55 faizinin mənbəyi olan ən azı 55 ölkə bu sənədi ratifikasiya edəndən sonra otuzuncu gün saziş qüvvəyə minməlidir. Belə ölkələrin minimal zəruri sayı hələ sentyabrın 21-də, Paris Sazişinə həsr edilmiş xüsusi tədbir keçirilən vaxt təmin edilmişdi. Lakin parnik qazlarının məcmu emissiyasının bu ölkələrin payına düşən hissəsi 55 faizdən az idi. Oktyabr ayında bu hədəf əldə edilib. Belə ki, parnik qazları tullantılarının 4,1 faizinin mənbəyi olan Hindistan oktyabrın 2-də Paris müqaviləsinə dair ratifikasiya sənədini BMT-yə təqdim edib. Bundan sonra Avropa İttifaqının üzvü olan bir sıra ölkələr də həmin müqaviləyə qoşulublar.
Paris Sazişi keçən il dekabr ayında BMT-nin iqlim dəyişikliyi məsələlərinə dair Çərçivə Konvensiyasının iştirakçısı olan ölkələrin 21-ci konfransında qəbul edilib. Sazişin məqsədi atmosferə karbon qazı tullantılarını azaltmaq və ekoloji baxımdan sabit gələcəyə yol açmaqdır. Sazişdə təsbit olunmuş öhdəliyə görə, qlobal temperatur artımını Selsi şkalası üzrə 1,5 dərəcə səviyyəsində saxlamaq vəd edilir.