ELM VƏ TƏHSİL


Paris Sorbon Universiteti ilə əməkdaşlıq azərbaycanlı gənclərə Fransada yeni təhsil imkanları qazandıracaq

Bakı, 14 iyul, AZƏRTAC

Paris Sorbon Universitetinin nümayəndələri Qərb Universitetində olublar.

Qərb Universitetindən AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki ali məktəb arasında əməkdaşlıq əlaqələri müzakirə olunub, mövcud vəziyyət və perspektivlər nəzərdən keçirilib.

Qeyd edilib ki, dünyanın aparıcı elm və təhsil mərkəzləri ilə əməkdaşlıq layihələri həyata keçirən Qərb Universiteti, eyni zamanda, Paris Sorbon Universiteti ilə sıx əməkdaşlıq edir. Bu ilin əvvəlində Qərb Universitetində Paris Sorbon (Abu Dabi) Universitetinin fransız dili təməl mərkəzi fəaliyyətə başlayıb.

Qərb Universiteti və Paris-Sorbon Universiteti arasında əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr üçün fransız dili kursları təşkil olunub. Həmin kursları bitirən tələbələr Paris-Sorbon Universitetinin sertifikatını əldə edəcəklər.

Qərb Universitetinin rektoru Andris Leitas görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, bu əməkdaşlıq nəticəsində azərbaycanlı gənclər Fransanın istənilən universitetində təhsillərini davam etdirmək imkanı qazanacaqlar. Fransız dilinin tədrisi proqramı “Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə ümumavropa çərçivə sənədi”nin (CECR) tərkib hissəsidir və fransız dili təməl proqramının tədrisi təkmilləşmiş yüksək ixtisaslı professor heyəti tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Qərb Universitetinin beynəlxalq əlaqələr şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin beynəlxalq fəaliyyətinə birgə və ya ikitərəfli əməkdaşlıq sahəsində bakalavr və magistr kursları, tələbə mübadilə proqramları, müqavilələrin artikulyasiyası və inkişafı, akademik mobillik daxildir.

Qərb Universiteti Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar da təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.