ELM VƏ TƏHSİL
Paris-Sorbon Universiteti prezidentinin müşaviri ADU-ya əməkdaşlıq təklif edib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Paris-Sorbon Universiteti prezidentinin biznesin inkişafı üzrə müşaviri İmran Muxtarovla görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, qonaq təmsil etdiyi universitet və həyata keçirdikləri layihələr barədə məlumat verib. O, Azərbaycanda gördükləri işlərdən də söz açaraq ölkəmizdəki bir çox universitetlərlə əməkdaşlıq etdiklərini deyib. İ.Muxtarov “Universitet sistemində interaktiv tədris” layihəsi barədə danışıb və ADU-ya bu layihə çərçivəsində əməkdaşlıq təklif edib. O, ADU müəllimlərinə fransız və ingilis dillərində təlimlər keçməyin mümkün olduğunu vurğulayıb.
K.Abdulla təklifin maraqlı olduğunu vurğulayaraq ADU-nun daha çox dil üzrə ixtisasartırmaya maraq göstərdiyini söyləyib. Rektor universitetdə keçiriləcək təlimlərə dəvət olunan alimlərlə ADU arasında özəl münasibətlər yaranmasının tərəfdarı olduğunu qeyd edib: “Biz istəyirik ki, onları vaxtaşırı ölkəmizə dəvət edə bilək və Azərbaycanın dostlarına çevirək”.