SİYASƏT
Parisdə AŞPA daimi komitəsinin yığıncağı keçirilib
Paris, 6 mart, AZƏRTAC
Martın 6-da Parisdə Milli Assambleyanın binasında AŞPA-nın daimi komitəsinin yığıncağı keçirilib.
Geniş tərkibdə keçirilən komitə iclasında ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun direktoru Mixael Link rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə çıxış edib, insan haqları və hüquqi, sosial, sağlamlıq və davamlı inkişaf, qaçqın və məcburi köçkün, mədəniyyət, elm, təhsil və media məsələləri müzakirə olunub.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yığıncaq haqda AZƏRTAC-a müsahibəsində bildirib: “Komitədə müxtəlif məsələlər müzakirə olundu. Avropanı narahat edən Ukraynada vəziyyət, beynəlxalq terrorizmə qarşı mübarizə, irqçilik məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Komitədə gündəliyə Azərbaycanla bağlı məsələ daxil edilməmişdi. Amma nümayəndə heyətinin rəhbəri kimi çıxış edərək müzakirə olunan problemlərə ölkəmizin münasibətini bildirdim.
Avropada təhsil sisteminin inkişafı ilə bağlı məsələ komitə üzvləri tərəfindən geniş müzakirə olundu. Bu məsələ ilə bağlı komitəyə xüsusi məruzə təqdim edilmişdi. Tələbə və müəllimlərin mübadiləsi, elmi əlaqələr, Avropa İttifaqının təhsillə bağlı proqramları kimi məsələlər məruzədə öz əksini tapmışdı.
Məruzə ətrafında çıxışımda Azərbaycanın bu proqramlarda geniş şəkildə iştirak etdiyini, tələbə mübadiləsinə xüsusi önəm verdiyini, təhsil sistemində ciddi islahatların aparıldığını və bu istiqamətdə Azərbaycanın 2005-ci ildə qoşulduğu Balonya prosesinə uyğun bütün tələbləri yerinə yetirdiyini diqqətə çatdırdım.
Sonda komitə aprel sessiyasında qaldırılan məsələlərlə bağlı müzakirələri davam etdirməyi qərara aldı”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris