SİYASƏT
Parisdə AŞPA-nın büro iclası keçirilib
Paris, 6 mart, AZƏRTAC
Parisdə Milli Assambleyanın binasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti büro yığıncağı keçirilib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iclasda iştirak edib.
Səməd Seyidov AZƏRTAC-a müsahibəsində deyib: “Büronun yığıncağında ənənəvi olaraq AŞPA-nın aprel ayının sonlarında keçiriləcək sessiyasının gündəliyi ətraflı müzakirə edilib.
Büronun gündəliyinə ölkəmizlə bağlı hər hansı məsələnin birbaşa müzakirəsi daxil edilməsə də, çıxışlarda Azərbaycanla bağlı müxtəlif fikirlər səsləndirilib. Sevindirici haldır ki, Azərbaycanda gedən proseslərin Avropa standartlarına uyğun olmasına dair söylənilən fikirlər üstünlük təşkil edib.
Büronun yığıncağında iştirak edən Avropa Şurasının baş katibi Torbyorn Yaqland çıxışında bu yaxınlarda Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə komitə üzvlərinə məlumat verib. Baş katib Prezident İlham Əliyevlə Avropa Şurası-Azərbaycan münasibətlərini geniş müzakirə etdiklərini və gələcək əməkdaşlıq barədə fikir mübadiləsi apardıqlarını bildirib.
Görüşdən məmnun qaldığını vurğulayan T.Yaqland Azərbaycanla əlaqələrin genişləndirilməsi və qəbul edilmiş iki illik işçi plan çərçivəsində görüləcək işlərin yüksək səviyyədə təşkil olunması haqqında məlumat verib”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris