İQTİSADİYYAT
Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının iclası keçirilir
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası öz işinə başlayıb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Feklin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edir.
Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, yanacaq-energetika, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib.
İclasda Azərbaycan ilə Fransa arasında, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olacaq.
Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanacaq.
Fransaya səfəri çərçivəsində Samir Şərifovun bir sıra ikitərəfli görüşləri, o cümlədən Fransanın maliyyə naziri Mişel Sapen ilə görüşü nəzərdə tutulub.